Ağdamın işğaldan azad edilməsindən 1 il ötür – “Qısa zamanda əvvəlki şöhrəti qaytarılacaq”backend

“Adının mənası türk dilində “kiçik qala” olan Ağdam Azərbaycanın qədim, füsunkar təbiətli torpağı – Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Relyefi əsasən düzənlik, qismən isə dağlıqdan ibarət olan Ağdam rayonun sahəsi 1094 kvadrat kilometrdir. 1930-cu ildə yaradılan Ağdam rayonu ərazisində aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Arxeoloqlar Ağdam ərazisində apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. Ağdam rayonu 27 il erməni işğalından əziyyət çəkmiş və bütün infrastruktur  tamamilə yerlə yeksan edilmişdir. Əbəs yerə deyildir ki, Ağdamı Qafqazın Xorasiması adlandırırlar. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışlar. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etmiş,  ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. Həmçinin 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul edilmiş, orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edilmişdi. Lakin  bütün bunlara rəğmən Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayınmışdı. Nəticədə beynəlxalq qətnamələr icra olunmayaraq kağız üzərində qalmışdı”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Cavid Osmanov bildirib.

C.Osmanov qeyd edib ki, hətta işğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib: “Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ilə ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir. Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb. Bu, eyni zamanda, onun göstəricisidir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5770 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunub. Ağdam işğaldan azad olunduqdan cəmi 3 gün sonra, 2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab  İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdam şəhərinə səfər etdilər. Cənab Prezident İlham Əliyev Ağdam şəhərində Azərbaycan bayrağını ucaldaraq qeyd etdi ki,  bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. 2021-ci mayın 28-də isə Ağdama növbəti səfəri çərçivəsində dövlət başçısı Bərdə-Ağdam avtomobil yolunun, 125 hektarlıq Ağdam şəhər meşə-parkında ağacların əkilməsi, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində iştirak edib. Həmin səfər zamanı Ağdam şəhərinin Baş Planı da Azərbaycan ictimaiyyətinə təqdim olunub. Həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri deməyə əsas verir ki, çox qısa zamanda Ağdamın əvvəlki şöhrəti bu rayona qaytarılacaq”.