Ağdərədə olay: Ermənilər görün nə etdi  –  VİDEObackend

“Bu tip problemlər zaman-zaman ortaya çıxacaq və Azərbaycan tərəfinin də vəzifəsi odur ki, bunu aradan qaldırsın”.

“Yeni Gündəm”  xəbər   verir  ki, bu sözləri  Ümid Partiyasının sədri İqbal Ağazadə Qarabağdakı separatçı rejimin postlarda bayrağını asmasına münasibət bildirərkən deyib.

Bu gün sosial şəbəkələrdə Ağdamın Paprəvənd kəndindən video yayılıb. Videoda Ağdərə yolunda ermənilərin qurduğu postda separatçi rejimin bayrağının asıldığı görünür.

İqbal Ağazadə bildirir ki, ermənilər bütün səylərini səfərbər edərək Qarabağdakı mövqelərini qorumağa və buranı Azərbaycanın deyil, müstəqil bir ərazi kimi təqdim etməyə çalışacaqlar. “Azərbaycan tərəfinin vəzifəsi odur ki, o bayrağın çıxarılmasını sülhməramlı missiyasını üzərinə götürən tərəfin diqqətinə çatdırmalıdır. Eyni zamanda orada idarəetmə formasının necə olması, Azərbaycanın idarəçili çərçivəsində hansı məsələlərin həll edilməli olduğunu ardıcıl, sistemli şəkildə müəyyənləşdirməlidir”, – deyə partiya sədri əlavə edib.

İqbal Ağazadə hesab edir ki, həm ictimaiyyətin, həm də dövlətin maraqlarına uyğun olaraq bu tip məsələlər masa üzərində həll ediləcək. “Müharibə yeni bitib. Qarşı tərəfdə də hələ anlaşılmazlıq hökm sürür. Dağlıq Qarabağda idarəçiliyin hansı formada həyata keçiriləcəyi barədə sənəd yoxdur. 9 noyabrda imzalanmış sənəd sadəcə bəyanatdır. Bundan sonra konkret sənədlər olmalıdır. Yəqin ki, bunlar masa üzərində işlənilir və ya işlənilməlidir. Azərbaycan tərəfi də bu məsələlərdə bayraq və bu kimi problemləri nəzərə almalı, bütün bunların Azərbaycan qanunlarına ziddi olduğunu diqqətə çatdırmalı və problemin aradan qaldırılmasına nail olmalıdır”, – deyə Ümid sədri vurğulayıb.