Ali baş komandan olmaqla bütün xalqımızı, xüsusilə, zəngilanlıları torpağımızın işğaldan azad edilməsi münasibəti ilə təbrik edirəmbackend

Elsiz-obasız, torpaqsız və vətənsiz olmaq dünyada heç bir dərdlə müqayisə edilə bilməz. Artıq bizim evimiz, elimiz azaddır və əminəm ki, çox yaxın zamanda “Böyük qayıdış” başlayacaqdır.
Düşünürəm elindən-obasından didərgin düşmüş dünyanın bütün insanları azad olmuş vətəninə qarşı həssasdır. Bütün çətinliklərə, çatışmazlıqlara baxmayaraq Vətən ruhu, Zəngilan sevgisi, el-oba həsrəti zərrə qədər də azalmayıb, əksinə, daha da həssaslaşıb. Döyüş əməliyyatları başlayan gündən etibarən xeyli sayda gəncimiz könüllü olaraq döyüş əməliyyatlarında iştirak etmək üçün müvafiq orqanlara müraciət etdilər. Şübhəm yoxdur ki, 45 min zəngilanlı geri qayıdacaqdır. Hesab edirəm ki, xalqımız elə bu gün göstəriş verilərsə torpaqlarına geri dönməyə tam hazırdırlar. Əminəm ki, dövlətimizin iqtisadi gücü çatacaqdır ki, “Böyük qayıdış” tam uğurla baş tutsun.

Zəngilan çox gözəl coğrafi mövqeyə malik olan rayonlarımızdandır. Zəngilan rayonu qərbdən dağlıq, şərqdən isə Araz çayına qədər dağətəyi relyefə malikdir. Zəngilan qızıl, gümüş, mis yataqları, bundan başqa əhəng daşı yataqları ilə zəngindir. Tütünçülük, üzümçülük, qismən taxılçılıq, meyvəçilik inkişaf etmiş aqrar sahələrimizdir. Son dövrlərdə ölkəmizin inkişaf edən turizm sektoru rayonumuzda da geniş perspektivə malikdir. Əminəm ki, yuxarıda qeyd etdiyim sahələrin inkişafı ilə rayonumuz ölkə iqtisadiyyatı üçün müstəsna əhəmiyyətli faydalı ola bilər.

Çox böyük ümidlərlə biz Zəngilana geri qayıdacağıq və bundan sonra bütün gücümüzü rayonumuzun inkişafı üçün istifadə edəcəyik.
Mən bütün zəngilanlı gənclərin adından bizim şanlı yürüyüşümüzün əsas memarı olan Ali baş komandan cənab İlham Əliyevə təşəkkür edirəm.