Ali Məhkəmə jurnalisti azadlığa buraxacaqmı? — Zaur Mirzəzadənin kassasiya şikayətinə baxılacaqbackend

Noyabrın 11-də Ali Məhkəmədə Xalq.az saytının baş redaktoru Zaur Mirzəzadənin kassasiya şikayətinə baxılacaq.

Bu barədə Qaynarinfo-ya jurnalistin vəkili Kamran Musayev bildirib.

Vəkil deyib ki, 8 oktyabr 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində Zaur Mirzəzadə barəsində bəraət hökmü çıxarılıb. Dövlət ittihamçısı hökmdən protest verib. Bakı Apellyasiya Məhkəməsi isə birinci instansiyanın hökmünü dəyişdirərək, Zaur Mirzəzadəni 5 il azadlıqdan məhrum edib.

“Biz Bakı Apellyasiya Məhkəməsinin hökmünü qanunsuz hesab edirik. Çünki hökmdə göstərilən əsaslar işin mahiyyətinə uyğun deyil. Məsələn, Zaur Mirzəzadənin SMS-ləri əsas kimi göstərilir. Halbuki həmin SMS-lərin yazılma tarixi ilə cinayətin törədilməsi tarixi arasında ziddiyyət var. Ona görə də kassasiya şikayəti vermişik və ümid edirik ki, Ali Məhkəmə işə ədalətli yanaşacaq”, deyə Kamran Musayev bildirib.

Vəkil qeyd edib ki, Zaur Mirzəzadə faktiki olaraq şərlənib: “Bu işdə başqa 4 nəfər də mühakimə olunub. Onlardan biri – Aygün Tarverdiyeva adlı xanım Zaur Mirzəzadənin əleyhinə ifadə verib. Onun Zaur Mirzəzadəyə qarşı ifadəsinin kökündə isə qisasçılıq dayanır. Təəssüf ki, ibtidai istintaq zamanı iş obyektiv şəkildə araşdırılmayıb”.

Kamran Musayev sonda bildirib ki, Ali Məhkəmə işə ədalətli baxmayacağı təqdirdə, Avropa Məhkəməsinə müraciət ediləcək.