Allah Mirşahinə də, onun sözünə də şəfa versin – Nəsimi Nəbizadəbackend

Mirşahinə corona ilə mübarizə tapşırılmamışdı…

Mirşahinə göstərilən rəqib tamam başqa libasda, görkəmdə, adda, rəngdə, istiqamətdə, cəbhədə idi… Hətta həmin hədəf heç Azərbaycanın sərhədləri çərçivəsində də deyildi… Və Mirşahinə silah kimi verilən Real fəaliyyətinə adaşı – İspaniyanın Kral klubu kimi kəskin hücumlarla başladı… Aralarında yalnız bircə fərq vardı – ispan klubunun futbolçuları heç vaxt klassik oyun tərzindən imtina etmir, jurnalist isə üç hərfli “söz”ü maraqlıdır ki, ilk iki hərfi yenə “s” və “ö” olan beş hərfli başqa kəlməyə dəyişdi… Bu “üslub” isə TV komandası olan Real-ın – daha doğrusu onun klassik kapitanının köhnə tamaşaçı-azarkeşləri tərəfindən fitəbasma ilə qarşılandı… Mirşahinin boynuna qoyulan öhdəliyə və onu yerinə yetirə bilib-bilməməsinə gəlincə, az sonra ölkənin siyasi elitasında aparılan kadr islahatları – “söz qladiatoruna” “stavka” edənlərin aqibəti əsl reallığı ortaya qoydu və bu, Mirşahin üçün yaxşı heç nədən xəbər vermirdi… Əgər mənim fikrim maraqlıdırsa, bircə bunu deyə bilərəm… Həmkarım illərdir alnına “döyüş” yazıldığını iddia etsə də, mən sözü gedən mübarizə müddətində ordan həmin sözün ilk hərfini “s” kimi oxuyurdum…

“Corona müharibəsi”nə
gəlincə – bu rəqibi Mirşahin özü seçdi… Bu dəfə o, seçmədiyi və cavab qaytarmaq iqtidarında olan əvvəlki rəqibdən fərqli olaraq özünün seçdiyi bu dilsiz-ağızsız, üstəlik tərəfdarı olmayan rəqibə asanlıqla qalib gələcəyini, etimad qazanacağını və ya bərpa edəcəyini düşünmüşdü… Buna görə də Mirşahin bütün vaxtını virusa xərcləyirdi, daha doğrusu ancaq pandemiyadan danışırdı, əslində coronadan başqa heç nədən danışmırdı…

Mirşahin corona mövzusunda danışarkən adama elə gəlirdi ki, bu azar bəşəriyyətin yox, sanki yalnız Azərbaycan iqtidarının düşmənidir… Mirşahin bu mövzuda danışarkən yarınırdı… Sanki, iqtidara “baxın, mən sizin düşməninizə qarşı necə təbliğat aparıram” – mesajını verirdi… Mirşahin coronavirusun mövcudluğuna inanmayanlardan “müxalifətçi” obrazı düzəldirdi… Mirşahinin bayağı “antivirus” fəaliyyəti karantin dövründə sosial problemləri artan və nə vaxtsa siyasi mənsubiyyəti olmayan, bu barədə heç vaxt düşünməyən vətəndaşlarda müxalifətə simpatiya yaratdı və bəlkə də siyasi müxalifət partiyalarının sıraları artdı…

Yaranan vəziyyət təkcə Mirşahinin növbəti məğlubiyyətindən xəbər vermirdi… Ən dəhşətlisi, sosial şəbəkələrdə iqtidar düşərgəsində ciddi kadr islahatları bahasına nail olunan, qarşısı alınan söyüş kampaniyası yenidən vüsət almağa başlayırdı… Bu isə ümumiyyətlə, son demək idi… Ona görə də bu müharibənin nəticəsini könüllü və rahat şəkildə çiyinlərinə götürən, daşıyacağına əmin olan Mirşahin yükü yerə qoydu və… yoluxdu…

P.S. Yazını həmkar kimi yazsam da, tamaşaçı kimi qənaətim budur… Virus Mirşahinin özündən əvvəl, onun sözünə yoluxmuşdu… Allah Mirşahinə də, onun sözünə də şəfa versin…

Nəsimi NƏBİZADƏ