Almaniya rus diplomatı ölkədən çıxardıbackend

Almaniya fevralın 8-də Rusiya tərəfindən keçən həftə görülən oxşar tədbirə cavab olaraq rus diplomatı “persona non qrata” elan edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb. Açıqlamada, Rusiyanın Berlindəki səfirliyinin bir işçisinin ölkədən çıxarılmasına dair qərarın Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq verildiyi bildirilib.

“Bu addım federal hökumətin Rusiya Federasiyasının 5 fevral 2021-ci il tarixli qərarına verdiyi cavabdır”,- deyə kommünikedə qeyd olunub.

Xatırladaq ki, ötən həftənin cümə günü Rusiya XİN 23 yanvarda Moskva və Sankt-Peterburqdakı qanunsuz aksiyalarda iştirak edən İsveç, Polşa və Almaniya diplomatlarını “persona non qrata” elan etdiyini açıqlamışdı. Müvafiq qərarla əlaqədar İsveç, Polşa və Almaniya Federativ Respublikasının səfirliklərinin nümayəndələri Rusiya Xarici İşlər Nazirliyinə çağırılaraq onlara etiraz notası təqdim olunmuşdu.

Almaniyanın xarici işlər naziri Hayko Maas Rusiyanın qərarının “əsassız olduğunu” və Moskvanın Avropa ilə münasibətlərinə daha böyük ziyan vurduğunu bildirib.

Onun sözlərinə görə, alman diplomat yalnız işini görüb və hadisələrin inkişafını izləyib, bununla da hüquq normaları çərçivəsində və Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun hərəkət edib.