“Almaniya Silahlı Qüvvələri Azərbaycanla döyüşəsi olsaydı, çətin ki, şansı olardı”backend

“Almaniya ordusu hər keçən gün daha da təkmilləşən pilotsuz döyüş təyyarələrinin potensial hücumlarına qarşı özünü müdafiə etmək üçün lazımi səviyyədə təchiz edilməyib. Qəti şəkildə desək, Almaniya Silahlı Qüvvələri bu konkret münaqişədə Azərbaycanla döyüşəsi olsaydı, çətin ki, şansı olardı”.

“Yeni Gündəm” xəbər verir ki, Alman Müdafiə və Strateji Araşdırmalar İnstitutunun yeni məqaləsində Türkiyə və İsrail dronlarının Qarabağdakı rolundan bəhs olunub.

Alman Müdafiə və Strateji Araşdırmalar İnstitutunun müasir müharibə və yeni texnologiyalar üzrə mütəxəssisi polkovnik-leytenant Maykl Karl bildirib ki, Bundesver (Almaniya Silahlı Qüvvələri) döyüş və kamikadze dronları kimi istifadə olunan silah sistemlərinə qarşı yetərincə müdafiə oluna biləcək təchizatda deyil.

Məqalədə Azərbaycanın Ermənistanla uzun illərdir davam edən münaqişədə Türkiyənin “Bayraktar TB-2” və İsrailin “Hermes 900” dronlarından istifadə etdiyi, bunun da Bakıya hava üstünlüyü qazandırdığını bildirib.

“Keçən il Azərbaycan Türkiyə və İsrailin istehsal etdiyi pilotsuz təyyarələr sayəsində mübahisəli Dağlıq Qarabağ ərazilərinin bir hissəsini geri aldı”, – deyə məqalədə qeyd olunub.

Həmçinin “Bayraktar” dronlarının detallarının 93 faiz Türkiyənin yerli istehsal məhsulu olduğu və hazırda 4 ölkənin (Türkiyə, Ukrayna, Azərbaycan və Qətər) inventarında olduğu bildirilib.

Yazıda “Bayraktar TB2”nin beynəlxalq mütəxəssis tərəfindən də oyun dəyişdirici hesab olunduğu vurğulanıb.

Müdafiə mütəxəssisləri Türkiyənin terrorla mübarizə əməliyyatlarında gözləniləndən daha qısa müddətdə və daha az itki ilə uğur qazanmasının bu tip pilotsuz təyyarələrin sayəsində nail olduğuna diqqət çəkib.