Almaniyadan Azərbaycana “hücum” planıbackend

Beynəlxalq anti-Azərbaycan şəbəkə, ermənipərəst mərkəzlər indi də yeni təzyiq vasitəsinə əl atıblar – gender bəhanəsi…

Almaniya mətbuatının “Azərbaycan qadınlarını xilas hərəkatı”na başlaması çox əcaib görünür. 1 milyon qaçqın-köçkünün hüquqları 30 ildə yada düşmədi – onların içərisindəki yüz minlərlə qız uşaqlarının, qadınların həmçinin – evlərinin həyətində oynayan 2 yaşlı qızcığazın erməni gülləsindən qətlə yetirilməsinə məhəl qoyulmadı, amma qəfildən “ayıldılar” ki, Azərbaycan İstanbul Konvensiyasını imzalamayıb. Nə böyük iş olubmuş. Konvensiya imzalansa, bütün işlər yolunda gedəcəkmiş. İndiyə qədər Ermənistanın nə öhdəlikləri xatırlanıb, nə BMT qətnamələri əsas gətirilib, nə də bu ölkədəki cinayətlər hakimiyyətin adına yazılıb. Ancaq Azərbaycanda özünü binadan atan qızlara görə alman mediası dərhal Azərbaycan rəhbərliyini ittiham edib. Çünki konvensiya imzalanmayıb. Sadəcə, bəhanədir.

Daha səmimi ola bilərdilər. Məsələn, açıq şəkildə deyə bilərdilər ki, söhbət İstanbul Konvensiyasından gedir, amma mövzu başqadır. Konkretləşdirək: 2009-cu ilin fevralında İstanbul sammiti keçirilirdi. Həmin tədbirdə ABŞ prezidenti Barak Obama da iştirak edirdi. O ərəfədə isə Ermənistanla Türkiyənin sərhədlərinin açılmasını özündə ehtiva edən Sürix prorokolları masadaydı. Prezident Obama Hillari Klinton vasitəsilə İlham Əliyevi İstanbula dəvət etsə də, Azərbaycan lideri situasiyanı doğru qiymətləndirərək, bu dəvəti qəbul etməmişdi. Məhz bundan sonra Qərb mediası İlham Əliyevin üzərinə görünməmiş hücuma keçdi. Qərb mərkəzləri anladılar ki, Azərbaycanla, onun rəhbəri ilə təzyiq dili ilə danışmaq olmaz. O zaman Türkiyə mediası yazırdı ki, əvvəlcə ABŞ-ın dövlət katibi Hillari Klinton, ardınca isə Barak Obama Prezident İlham Əliyevlə telefon əlaqəsi saxlayaraq Azərbaycan dövlət başçısını İstanbulda keçirilən forumda iştiraka qatılmağa dəvət ediblər. Lakin o dövrdə Azərbaycanın mövqeyi bundan ibarət olub ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyənin Ermənistanla sərhədləri açması xoşagəlməz vəziyyət yarada bilər. Məhz bundan sonra Türkiyə rəhbərliyi də Azərbaycanın imza atmadığı heç bir anlaşmaya getməyəcəyini qətiyyətlə bəyan etdi, son savaşda da qardaşlıq dəstəyini əsirgəmədi. Qərb mərkəzləri Sürix anlaşmasını reallaşdırmaqla həm Ermənistanı Rusiyadan qopartmaq, həm də Türkiyəni Azərbaycandan ayırmaq, qardaş arasına nifaq salmaq istəyirdilər. Alınmadı. Odur ki, qıcıqlıdırlar, əsəbidirlər, hər yerdən əlləri üzülüb, indi də “qadın şantajı”na keçiblər. Bu mənada ciddi şübhələr var ki, Almaniyadan Azərbaycana qarşı həyata keçirilən “hücum” planı əslində ABŞ-da hazırlanıb, “baş qərargah” okeanın o tayındadır. Ancaq çox bəsit arqumentlərlə. Guya ki, Azərbaycanda kişilər qızlarına, qadınlarına mülkiyyəti kimi, əşya kimi yanaşırlar… Amerika, ya alman polisinin vətəndaşlarla necə qəddar rəftar etməsinə az şahidlik etməmişik. “Öz gözündə tir” misalı yerinə düşür. Ekspertlərimiz də Azərbaycana təzyiqlərin motivləri barədə fərqli fikirdədir.

“Bu gün Azərbaycan bölgədə müstəqil siyasət həyata keçirir. Bu siyasət heç də bütün dünya ölkələri tərəfindən birmənalı qarşılanmır. Zaman-zaman bir sıra dövlətlər müxtəlif alətlərlə ölkəmizə təzyiq etməyə çalışırlar”.

Deputat Ceyhun Məmmədov bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Millət vəkili sadaladığımız arqumentlərlə razıdır: “Yaxşı xatırlayırıq ki, 30 ilə yaxın müddətdə Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsinə baxmayaraq, daha çox Azərbaycan tərəfindən güzəştə getmək istənilir və müharibənin hərbi yolla həllinin mümkün olmadığı israrla bildirilirdi. Ancaq işğalçıya – Ermənistana heç bir təzyiq edilmirdi. Ermənistan bu münasibətdən arxayınlaşaraq yeni təxribatlar törədir, Azərbaycana qarşı yeni ərazi iddiaları ilə çıxış edirdi”. C.Məmmədov qeyd etdi ki, bütün bunlara rəğmən, ötən il Azərbaycan regionun siyasi və hərbi mənzərəsini dəyişdi: “44 günlük müharibə dövründə də gördük ki, bəzi ölkələr Ermənistanın tərəfini saxladılar və daha çox Azərbaycana təzyiq etməyə çalışdılar.  Ancaq Prezident İlham Əliyevin güclü iradəsi nəticəsində buna nail ola bilmədilər. Azərbaycanın bu siyasəti və qələbəsi Ermənistanın havadarlarını narahat etməyə bilməzdi və bunu biz müharibənin növbəti mərhələlərində də gördük”.

Deputatın sözlərinə görə, digər bir məsələ ondan ibarətdir ki, hazırda dünyanın bir sıra ölkələri Rusiya və Türkiyə ilə münasibətlərə yenidən baxır və bu məqsədlə yeni siyasi alətlər axtarışındadırlar: “Onlar bu yolla Rusiyanın, xüsusilə Türkiyənin bölgədə gedən proseslərə təsirini azaltmağa alışırlar. Bu siyasəti ayrı-ayrı dövlətlər vasitəsilə həyata keçirməyə cəhd edənlər də var. Reallıq həm də ondan ibarətdir ki, Qarabağla bağlı məsələdə Azərbaycanın Türkiyə və Rusiya ilə sıx əməkdaşlığı heç də bütün dünya ölkələri tərəfindən birmənalı qarşılanmır. Ona görə yaxın vaxtlarda bölgədə nüfuz savaşının daha da artacağı istisna olunmur”.

C.Məmmədov qeyd etdi ki, Azərbaycanın mövqeyi beynəlxalq hüquqa söykənir: “Azərbaycan 30 ilə yaxın müddətdə münaqişənin ATƏT çərçivəsində həllinə çalışdı, ancaq heç bir nəticə əldə etmədi. Azərbaycan nə etməli idi? Əlavə 30 il də gözləməli idi?  Regionla əməkdaşlıq birbaşa Azərbaycandan keçir. Dünya ölkələri bölgədə həyata keçirdikləri siyasətdə Azərbaycanla əməkdaşlığa xüsusi önəm verməlidirlər. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa qlobal layihənin uğurla həyata keçirilməsi mümkün deyil”.

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli isə digər maraqlı bir detala diqqət çəkdi: “Almaniyada Azərbaycana qarşı informasiya savaşının ön cərgəsində dayanan Marqarita Simonyanın rəhbərlik etdiyi “RT Deutsch” və “Sputnik” resursları və ”Qazprom”un Almaniyadakı nüfuz müvəkkilləridir. Qeyd edim ki, Almaniya Daxili İşlər Nazirliyinin əks-kəşfiyyatla bağlı 2019-cu il hesabatında “RT Deutsch” və “Sputnik”in Almaniyanın ictimai rəyinə Rusiyanın maraqlarına uyğun təsir göstərdiyi və bunun təhlükəli hal aldığı barədə məlumatlar yer alıb. Şübhəsiz ki, burada “Rusiyanın maraqları” deyiləndə qatı erməni millətçisi Marqarita Simonyanın “informasiya siyasəti”nin təməl istiqamətləri xüsusi olaraq vurğulanmayıb. Amma Azərbaycanla bağlı bütün qərəzli informasiya axınının məhz bu resurslar üzərindən ictimai rəyə sızdırılması sübuta yetirir ki, Simonyan əslində “Rusiyanın maraqları”nın kölgəsində Ermənistanın və erməni diasporunun maraqlarını ifadə edir”.

Deputat Arzu Nağıyevin sözlərinə görə, əsas məsələ ondan ibarətdir ki, Almaniya bu gün Azərbaycanın yürütdüyü müstəqil iqtisadi, siyasi, hərbi siyasətini heç cürə qəbul edə bilmir: “Bunu biz 44 günlük müharibə dövründə də gördük. Hər hansı bir rəsmi bəyanat eşitmədik, öz medialarında qərəzli və əsassız mövzulara yer verdilər. Təsəvvür edin ki, Almanıyanın Azərbaycandakı səfirliyinin nümayəndələri bir dəfə də olsun azad edilən ərazilərə təşkil edilən səfərlərdə iştirak etmədilər.  Yəqin ki, bu imtina xüsusi təlimat əsasında olub”. A.Nağıyev digər məqamı da xüsusi vurğuladı: “Son vaxtlar Almaniyanın Gürcüstanda olan qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycana qarşı fəal kampaniya aparılır. Bu, həm də hərbi sahədə baş verir. NATO ilə birgə təlimlərin keçirilməsinə əngəl törədilir, Avropa İttifaqı ilə əlaqələrimizi pozmağa çalışırlar”. Deputat istisna etmir ki, bütün bu proseslərdə ABŞ-ın da rolu var və vasitə kimi Almaniya seçilib: “Əvvəllər bunu Fransa vasitəsilə edirdilər, lakin ATƏT-in Minsk Qrupunda təmsil olunduqları üçün bu, riskli addım idi. Anti-Azərbaycan mövqeyinin tirajlanmasının səbəblərindən biri də Azərbaycanın Rusiya vəTürkiyə ilə apardığı siyasət ola bilər. Sanksiyalara məruz qalan Rusiya Azərbaycanla müəyyən layihələrdə birgə fəaliyyət göstərir, Türkiyə regionda söz sahibinə çevrilir, bu isə Qərbi heç cür qane edə bilməz. Təbii ki, ”Şimal axını” ilə bağlı da problem tam şəkildə öz həllini tapmayıb. Bu gün Almaniyada və ümumiyyətlə, Qərbdə həm siyasi, həm sosial durum xoşagələn deyil, COVİD-lə mübarizədə effektiv siyasət yoxdur, hər addımı siyasətə, seçkiyə bağlayırlar, siyasi böhran hökm sürür. İşğaldan azad edilən ərazilərdə alman şirkətlərinin perspektivli bir işi görünmür. Bu isə iqtisadi cəhətdən problemlər deməkdir”. Millət vəkili onu da qeyd etdi ki, Almaniya xüsusi xidmət orqanlarının aşkarladığı korrupsiya faktları günbəgün artmaqdadır: “Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın müstəqil iqtisadi, siyasi və hərbi siyasəti Almaniya və bir sıra dövlətləri qane edə bilməz. Çünki onlar kiməsə təzyiq etmək, müxtəlif bəhanələrlə özlərinə təzim etməyə məcbur etmək siyasəti yürüdürlər. Bu isə müasir Azərbaycanla alınmır və bundan sonra da çətin alına”.

Düzdür, Bayden Azərbaycan Prezidentinə ünvanladığı bayram təbrikində normal münasibətlərin tərəfdarı kimi çıxış edib. Ancaq Qarabağ məsələsinin nizamlanması məsələsində əməkdaşlıq niyyəti təəccüb doğurur. Axı münaqişə Azərbaycan dövlətinin qəti iradəsi, ordumuzun qətiyyəti ilə arxivə atılıb. Ancaq Vaşinqton üçün məsələ bitməyib, görünür. Elə ona görə də qıcıqlıdırlar: “Necə yəni, dünyanın supergücünün 30 ilə həll edə bilmədiyini Azərbaycan cəmi 44 günə həll etsin?!” Ona görə də əminliklə dolu bir fikir də var ki, Azərbaycanı Qarabağ qələbəsinə, erməniləri məğlub etdiyi üçün cəzalandırmaq istəyir beynəlxalq güclər. Fransa mərkəzi elə müharibə günlərində layiqli cavabını aldı, digər mərkəzlər yerində otuzduruldu, UNESCO-ya qədər. Azərbaycan Prezidenti qərəzli paytaxtlara, mərkəzlərə Qarabağdan çağırış etdi: gəlin, “kor” gözlərinizlə görün, deyərək!