Almaniyalı alim İsveçrədə ermənipərəst jurnalistin iddialarını alt-üst etdibackend

Almaniyanın “Spiegel” jurnalı bu il may ayının 22-də özünün internet səhifəsinə “Ermənistan Dağlıq Qarabağı Azərbaycana verəcək” başlıqlı qərəzli və faktların təhrifi ilə dolu redaksiya məqaləsi yerləşdirib. Məqalədə Ermənistan baş naziri Nikol Paşinyanın son bəyanatına istinadla “mübahisəli Dağlıq Qarabağ regionunun tezliklə Azərbaycana məxsus olacağı” əsas tezis kimi verilib.

“Yeni Gundem”-in xəbərinə görə, Qafqaz regionunun tədqiqatçısı, tanınmış almaniyalı alim Dr. Mixael Raynhard Hess bununla əlaqədar “Spiegel”ə etiraz məktubu ünvanlayıb.

Məktubda qeyd edilib ki, bu məqalə daxil olmaqla, “Spiegel”də bu mövzuya aid dərc olunan, bir tərəfin mövqeyini əks etdirən məqalələrin hər biri erməni millətçilərinin təbliğatına xidmət edir: “Bu birtərəflilik özünü ilk olaraq toponimin adının düzgün verilməməsində göstərir. Rəsmi adı Xankəndi olan şəhərin Azərbaycan dilində yazılışı, heç olmazsa, paralel ad kimi belə xatırlanmır. Bu, ona bərabər olardı ki, “Kyiv” Almaniya mətbuatında yalnız “Kiev” kimi verilir və bununla yalnız işğalçının tətbiq etdiyi nomenklatura istifadə olunur”.

O vurğulayıb ki, redaksiyaya əvvəllər göndərdiyi bir sıra etiraz məktublarına baxmayaraq, elmi cəhətdən əsası olmayan “anklav” ifadəsinin hələ də istifadə edilməsi nəinki savadsızlıqdan, həm də tərs inadkarlıqdan xəbər verir: “Amma elementar siyasi və tarixi biliklərə malik olmadan belə, müəllif bu pamfletində bu ifadənin kökündən səhv olduğunu görməli idi”.

“Məqalədə Qarabağın bir hissəsinin “anklav” kimi damğalanması, Ermənistan tərəfindən (“səxavətlə!”) “veriləcəyinin” iddia edilməsi və eyni zamanda buranın 1991-ci ildə guya müstəqillik əldə etməsi iddia olunması kimi məsələlər biri-biri ilə necə uzlaşdırıla bilər?”, – Mixael Raynhard Hess redaksiyaya sual ünvanlayıb.

Onun sözlərinə görə, “Spiegel”ə erməni təbliğatı ilə zəngin olan təxəyyül aləmindən həqiqətlər dünyasına geri qaytararaq xatırlatmaq lazımdır ki, sözügedən separatçı region Ermənistan daxil olmaqla, heç vaxt, heç bir dövlət tərəfindən tanınmayıb: “Bu ərazi heç vaxt Ermənistanın anklavı olmayıb. Buna görə də Ermənistana aid olmayan ərazi onun tərəfindən heç vaxt kiməsə də “verilə bilməz”. Ermənistan tərəfindən müstəqil dövlət quruluşu kimi tanınmayan bu ərazi separatçıların və terroristlərin zəbt etdiyi və 30 il müddətində işğal altında saxladığı Azərbaycan ərazisidir”.

Qarabağ regionunun tarixinə və siyasi gündəminə dair çoxsaylı nəşrlərin müəllifi olan almaniyalı alim bildirib ki, Qarabağın Azərbaycana məxsus olması mübahisə doğurmayan həqiqətdir və bu fakt BMT tərəfindən təsdiqlənib: “Amma “Spiegel” bu faktı xatırlatmamaqla həqiqəti gizlətməyə cəhd edir”.

Mixael Raynhard Hess məktubunun sonunda saxtalaşdırılmış və uydurma reportajları, yoxlanılmamış faktları ilə jurnalın böhranla üzləşməsinə səbəb olan və 2019-cu ildə ifşa edilən keçmiş jurnalisit Claas Reolitiusun işarə edərək “Spiegel”i tənqid edib: “Relotiusla bağlı qalmaqalı yaşamış “Spiegel” keyfiyyətli media olmaq iddiasını itirir. Bəlkə də “Spiegel” də gələcəyini “Bild” kimi sarı mətbuatın istinad etdiyi bulvar mövzulara yer ayırmaqda görür”.

Xatırladaq ki, ədəbiyyatşünas və tarixçi alim, Dr. Mixael Raynhard Hess “Tanklar cənnətdə. Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi” (2016), “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi” (2022), “Qarabağ 13-cü əsərdən 1920-ci ilədək. Azərbaycan tarixinin acılımı” (2020-2022) kitablarının müəllifidir.