AMEA-da yoxlamalar aparılıbbackend

Hesablama Palatası Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda ayrılmış dövlət vəsaitlərinin icrası üzrə keçirdiyi audit nəticəsində aşkarlanan qanunsuzluqlarla bağlı Maliyyə Nazirliyinə və Baş Prokurorluğa müraciət edib.

“Yeni Gündəm”-in məlumatına görə, bu barədə Hesablama Palatasının rüblük rəsmi məlumat bülleteninin 2021-ci il üzrə ikinci nömrəsində qeyd edilib.

Auditin əhatə etdiyi dövrdə (2019-2020-ci illər) İnstitut tərəfindən ümumilikdə 9962052,5 manat məbləğində vəsait icra olunub.

Audit zamanı müəyyən edilib ki, Fizika İnstitutunda dövlət büdcəsindən ayrılmış vəsaitlərin icra səviyyəsi yüksək olsa da, il ərzində dövlət vəsaitlərinin maliyyələşmə və icra məbləğləri arasında uyğunsuzluqlar müşahidə edilib, xərclərin icrası zamanı 6734,0 manat məbləğində vəsait qüvvədə olan vahid büdcə təsnifatının müəyyən etdiyi iqtisadi təsnifat kodu dəyişdirilməklə icra olunub.

Auditin əhatə etdiyi dövrdə çalışanların sayı və vəzifələri təsdiq olunmuş ştat cədvəlinə uyğun olsa da, ixtisas dərəcələrinə düzgün riayət edilməməsi səbəbindən 18045,0 manat, iş davamiyyəti qeydə alınmayan əməkdaşlara 329886,8 manat, yaranmış qənaət hesabına düzgün olmayaraq əlavələrin verilməsi səbəbindən 86592,55 manat, elmi proqram üzrə İnstitutun smetasında nəzərdə tutulmuş vəsaitlər hesabına yalnız əmək funksiyalarını yerinə yetirilən əməkdaşlara təkrar ödəniş aparılması nəticəsində 25800,0 manat məbləğində artıq vəsait ödənilib.

Ezamiyyə qaydalarına və xərc normalarına düzgün əməl edilməməsi səbəbindən xarici və ölkədaxili ezamiyyə ilə bağlı vəsaitlərin icrası zamanı 1304,0 manat məbləğində vəsaitin artıq ödənilməsinə yol verilib

Dövlət satınalmalarının keçirilməsi zamanı yol verilmiş nöqsanlar satınalma prosesinin bütün mərhələlərini əhatə edib, bir sıra prosedur pozuntuları ilə yanaşı, vəsaitlərin satınalma keçirilmədən icra olunmasına yol verilib.

Auditin əhatə etdiyi dövrdə həyata keçirilmiş kotirovkalar üzrə hüquqi aktlarla nəzərdə tutulmuş addımlar atılmayaraq müvafiq elanlar rəsmi internet səhifəsində yerləşdirilməyib, ehtimal olunan qiymətlərin düzgün müəyyənləşdirilməməsi səbəbindən 30772,0 manat məbləğində artıq xərcə yol verilib;

Vəsaitlərin icrası ilə bağlı hesabatlar tam tərtib edilməyib, maliyyə hesabatlarının tərtibi zamanı təhriflərə yol verilib, o cümlədən maliyyə hesabatlarının tərtibi zamanı 01.01.2019-cu il tarixə 216600,3 manat, 01.01.2020-ci il tarixə 259643,9 manat, 31.12.2020-ci il tarixə 272993,9 manat dəyərində “Sair uzunmüddətli qeyri-maliyyə aktivləri” maddəsi üzrə qeyd olunan qalıq məbləğlər “Maliyyə vəziyyəti haqqında hesabat”ın “Sair uzunmüddətli qeyri-maliyyə aktivləri” maddəsi əvəzinə “Torpaq, tikili və avadanlıqlar və digər uzunmüddətli aktivlər” maddəsində əks etdirilib.

Kanalizasiya haqlarının ödənilməsinin faktiki tələbat əsasında deyil, tam məbləğdə ilin əvvəlində vəsaitin plastik kartlara tam köçürülməsi səbəbindən ilin sonuna 8500,0 manat qalıq məbləği formalaşıb.

İnventarizasiya komissiyaları yaradılsa da, nəticələrlə bağlı hesabatlar düzgün tərtib edilməyib, laboratoriyalarda kimyəvi reaktivlərin 46740,0 manat məbləğində əsassız silgisi aparılıb.

Daxili nəzarət sisteminin nəzarət mühiti yaradılmayıb, nəzarət fəaliyyəti qənaətbəxş olmayıb, elementləri tam tətbiq olunmayıb.

Auditin nəticəsi olaraq, Hesabat tərtib edilənədək İnstitut tərəfindən 104616,0 manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib, həmçinin artıq hesablanmıș və kreditor borc kimi uçota alınıb, 387,7 manat məbləğində vəsait müxabirləșmə verilərək azaldılıb, vakant vəzifələr ixtisar edilib.

Auditin nəticələri ilə bağlı məlumat qanunvericiliklə nəzərdə tutulduğu qaydada Milli Məclisə göndərilib, hesabat İnstituta, nəticələrlə bağlı məlumat isə AMEA-ya da təqdim olunub.

Aparılmış auditin nəticələri əsasında vəsaitlərin təyinatdan kənar istifadəsi, maliyyə hesabatlarının düzgün tərtib edilməməsi halları barədə Maliyyə Nazirliyinə məlumat göndərilib.

Malların (işlərin və xidmətlərin) satınalma prosesində vəsaitlərin satınalma keçirilmədən icrası halları ilə bağlı inzibati xətanın müəyyən edilməsi məqsədilə isə Baş Prokurorluğa müraciət edilib.