AMEA ləğv olunur: 12 min alimin taleyi necə olacaq? – Sensasion detallarbackend

Azərbaycan Milli Elmlər Akademiyası haqda iki gündür başlayan ictimai müzakirənin səbəbləri haqda müxtəlif iddialar səslənir.

Yenipress.az xəbər verir ki, AMEA ilə bağlı siyasi qərar olduğu bildirilir. Belə ki, dövlət kanalından başlayan və özəl kanalların da cəlb olunduğu ictimai tənqidi müzakirələrə artıq hökumətyönlü agentliklər də qoşulub.
AzTV-nin hazırladığı tənqidi materialın AMEA-nın saytında yerləşdirilməsi və AMEA prezidenti səlahiyyətlərini icra edən akademik Arif Həşimovun bunu şəxsi göstərişi ilə etdiyini deməsi isə bu siyasi qərardan AMEA rəhbərliyinin də məlumatlı olduğu iddiasını ortaya çıxarıb.
Ehtimal olunur ki, AMEA-nın taleyi ilə bağlı qərar qurumun rəhbərliyinə çatdırılıb və qurum rəhbərliyi buna normal yanaşdığını, islahatların zəruri olduğunu bildirib.
Hazırda AMEA-nın gələcək fəaliyyəti ilə bağlı isə 3 versiya nəzərdən keçirilir:
1. AMEA-nın bir qurum kimi ləğvi, institutların dövlət universitetlərinin balansına verilməsi, AMEA-nın malik olduğu əmlakın əhəmiyyətli hissəsinin bölüşdürülməsi, mərkəzi strukturun isə Təhsil Nazirliyinə birləşdirilməsi və Elm və Təhsil Nazirliyinin yaradılması;
2. AMEA institutlarının birləşdirilməsi hesabına ciddi ixtisarların edilməsi və daha çevik və mobil qurumun yaradılması, əvəzində AMEA-nın saxlanılması, ancaq dotasiyanın əhəmiyyətli dərəcədə azaldılması;
3. AMEA-da ciddi struktur islahatları aparılması, bəzi gəlir gətirə bilən institutların birləşdirilərək saxlanması, digər institutların və laboratoriyaların universitetlərə verilməsi, AMEA-ya məxsus Bakıda və regionlarda olan torpaq sahələri, bağların, təcrübə mərkəzlərinin, istirahət yerlərinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, bəzi binaların isə Əmlak Məsələləri Komitəsinə verilməsi, AMEA-nın qeyri-hökumət təşkilatına və yaxud publik-hüquqi şəxsə çevrilərək, dövlət büdcəsinin yükdən azad edilməsi.
Prosesin ən ağrılı məqamı orda çalışan 12 mindən çox alimin taleyi ilə bağlıdır. Belə ki, bu qurumda alimlərin böyük əksəriyyətinin işdə tapılmadığı nümayiş etdirilməklə, onların işsiz qalması əsaslandırılr və yaxud digər müəssisələrə köçürülməsi təmin edilir.
Bəzi mülahizələrə görə, AMEA sistemində çalışan alimlərin əksəriyyəti digər ali təhsil müəssisələrində onsuz da fəaliyyət göstərirlər və layihələr həyata keçirirlər, məhz bu səbəbdən də daimi iş yerlərində ola bilmirlər. Buna görə də AMEA-da ciddi islahat və ixtisar əhəmiyyətli narazılıq yaratmayacaq.
Taleyini AMEA-ya bağlayan və mərkəzi strukturda çalışanlar isə kənarda qoyulmayacaq.