“Amma gərək belə olmayaydı!”backend

“Ömrün daha bir səhifəsi qapanır. Sabah Vətənə dönürük”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Macarıstanda fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılan Vilayət Quliyev feysbuk hesabında yazıb. O qeyd edib ki, həyatının az qala altıda bir hissəsi Macarıstanda keçib:

“Bir az astagəl, çoxdanışan olsalar da, sadəliyi və səmimiliyi ilə seçilən macar insanını sevdim. Mənə çox doğma, çox yaxın göründülər. Siyasətçilərlə faydalı təmas qurduq. Elm adamları arasında çoxlu dostlar tapdım. Xalqlarımızı, ölkələrimizi yaxınlaşdırmaq, biri-birinə daha yaxşı tanıtmaq üçün birgə çalışdıq.

Ailəmizin – həmişə mənə dayaq olan xanımımın, övladlarımızın – Şamillə Humayın çoxlu sevincli günlərinin ünvanı Budapeşt oldu… Və təəssüf ki, ürəyimizi parçalayan, dünyanı başımıza dar edən ən dəhşətli xəbəri də burada aldıq. Nə qədər ağır, iztirablı olsa da, ayaqda qalmağa və Allahın bəxş elədiyi ömrü ləyaqətlə yaşamağa çalışırıq… Amma gərək belə olmayaydı!”- deyə sabiq səfir vurğulayıb.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin digər sərəncamına əsasən V. Quliyevi sözügedən vəzifədə Tahir Tağızadə əvəz edəcək.

Xatırladaq ki, bu ilin martında V. Quliyevə ağır itki üz verib. Onun qızı Humay Quliyeva gənc yaşlarında dünyasını dəyişib.