ANAMA: Ermənistanın mina xəritələrini verməkdən imtinası beynəlxalq hüququn pozulmasıdırbackend

“44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatıb. İşğaldan azad olunmuş ərazilərdə minalar və partlamamış sursatlar hələ də hərbçilərə və ora qayıtmaq istəyən mülki əhaliyə təhlükədir”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu bu gün ADA Universitetində 4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar keçirilən brifinqdə ANAMA İdarə Heyətinin sədr müavini Samir Poladov bildirib.

S. Poladov deyib ki, Prezident İlham Əliyevin fərmanı ilə 2021-ci il 15 yanvar tarixində ANAMA-nın nəzdində Minatəmizləmə Agentliyi yaradılıb: “Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsi beynəlxalq hüququn pozulmasıdır. Bu, ərazilərin minalardan təmizlənməsi üçün daha çox vaxt və xərc tələb etməsinə gətirib çıxarır”.

ANAMA İdarə Heyətinin sədr müavini nəzərə çatdırıb ki, minatəmizləmə prosesi işğaldan azad olunmuş ərazilərə qayıdış üçün mühüm şərtdir: “Hazırda ANAMA mühüm dəyişiklik prosesindən keçir. Hazırda əsas vəzifələrdən biri potensial tərəfdaşların seçilməsidir və bu, çox ehtiyatlı bir şəkildə aparılmalıdır. Bu, strateji sahədir və strateji səviyyədə koordinasiya qurulub. Söhbət bərpa prosesində iştirak edən tikinti şirkətləri ilə koordinasiyalı fəaliyyətin təmin olunmasından gedir”.

S. Poladov qeyd edib ki, tank və piyada əleyhinə minalar əsas təhlükə mənbəyidir: “Basdırılmış minalar gizli qatillərdir və bu qatillərlə savaşımız davam edir. Biz minalanmış əraziləri xüsusi işarələrlə işarələyirik ki, o ərazilərə insanların daxil olmasının qarşısını alaq. İşğaldan azad olunmuş ərazilərə səfər zamanı yalnız yoxlanmış ərazilərə daxil olmaq olar. İşğaldan azad olunmuş ərazilərə mülki əhalinin qadağan edilməsinə baxmayaraq, insanlar bəzən belə cəhdlər edir. Noyabrdan bu günə qədər  minalar və partlamamış sursatların partlaması nəticəsində 32 nəfər xəsarət alıb, 18 nəfər həyatını itirib. İşğaldan azad olunmuş ərazilərə hələlik mülki əhalinin girişi tam qadağan olunmalıdır, çünki ərazilər minalarla çirklənib”.