ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşdübackend

Yanvarın 22-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi əməkdaşı 1974-cü il təvəllüdlü Sultanov Azər Əli oğlunun işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alması barədə Cəbrayıl rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Yeni Gündəm”-ə verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, agentliyin həmin əraziyə ezam olunmuş əməkdaşı Azər Sultanov yeni çəkiləcək dəmiryolu xəttinin tikintisi ilə əlaqədar minadan təmizləmə işləri həyata keçirərkən minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.