Anar Məmmədov: Azərbaycan gəncliyi dövlətin göstərdiyi qayğıya layiqincə cavab verirbackend

“Gənclər, hər bir xalqın xoşbəxt gələcəyə olan ümidinin rəhnidir. Gənclər, cəmiyyətin dinamik, hərəkətverici, fəal hissəsi, ideyaların gələcəyə ötürülmə qüvvəsidir. Buna görədir ki, onların yetişdirilməsi bütün ölkələr üçün əsas məsələlərdən biridir. Azərbaycan dövlətinin də prioriteti gənclərin inkişafı, cəmiyyətdə sağlam mövqe tutmaları, bütün sahələrdə irəli getmələridir.”

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov qeyd edib ki, cənab Prezident İlham Əliyev hakimiyyətə gələn ilk günlərdə gənclərin ən yaxın dostu olacağını, gənclərə etibar etdiyini və gənclərin də ona etibar etməsini arzuladığını ifadə etdi: “2003-cü ildən biz bu qarşılıqlı etimadın nəticələrini görməkdəyik və əminliklə deyə bilərik ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir nümunədir. Bu siyasət model olaraq dünyanın inkişaf etmiş dövlətləri tərəfindən yüksək qiymətləndirilməklə bərabər, öyrənilir, tətbiq edilir. Gənclərlə bağlı məqsədli proqramların, konkret dövrləri əhatə edən strategiyaların məhz gənclərin fikirlərinin, arzularının nəzərə alınmaqla qəbul edilməsi, gənclərin bütün pozitiv təşəbbüslərinin dəstəklənməsi, dövlətin bütün strukturlarında, hakimiyyətin bütün qollarında gənclərin təmsil olunması, gənclərin dövlət hesabına ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən ixtisaslarda dünyanın ən prestijli ali məktəblərində təhsil almağa göndərilməsi, dünyanın ən mötəbər, miqyasına görə ən böyük gənclər tədbirlərinin Bakıda keçirilməsi yuxarıda dediklərimizi bir daha təsdiq edir.”

Deputat bildirib ki, bu gün dövlət quruculuğu sistemimizdə, qanunvericilik, məhkəmə hakimiyyətində, mətbuatda gənc nəsillə təcrübəli ziyalılarımız çiyin-çiyinə çalışırlar: “Gənc nəslin enerjisi ilə yaşlı nəslin təcrübəsinin bir araya gəlməsi dövlətin gücünü təşkil edir. Bu, Azərbaycanda dövlət quruculuğu istiqamətində həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri idi və bu gün buna uğurla nail olunub. Məhz bunun nəticəsidir ki, Azərbaycan gənci bu gün ona göstərilən etimadı yüksək səviyyədə doğruldur. Ölkəmizin dövlət siyasətində də insan kapitalının inkişafı başlıca faktor kimi göstərilib. Bu baxımdan kadrların inkişafı dedikdə ilk növbədə gənclər anlaşılır.  Vətən müharibəsində Azərbaycan gəncliyini də sanki yenidən tanıdıq, böyük milli potensialımızı üzə çıxardıq. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil xalqın milli maraqlarının pozulmasına heç zaman yol verməz. Haqqımız olanın əlimizdən alınması ilə barışmaz. Canı-qanı bahasına da olsa, Azərbaycanın adının, bayrağının ucalarda olmasını təmin edər.”

A.Məmmədov vurğulayıb ki, Vətən müharibəsi ərəfəsində, hərbi əməliyyatların gedişində hər yeri bayraqlarımızla bəzəyən, gur səsi ilə cəmiyyətimizi qələbə ovqatına kökləyən, inam yaradan da əsasən gənclərimiz idi: “Prezidentin səfərbərlik çağırışına on minlərlə gənc mərdliklə cavab verdi. Hamı  döyüşə getmək üçün könüllü yazılırdı. Gənclərimiz yerli səfərbərlik idarələrindən dərhal orduya aparılmalarını israrla tələb edirdilər. Hər vəchlə cəbhədəki dostlarının, həmyaşıdlarının yanında olmağa, düşməndən qisas almağa can atırdılar. Hərb meydanına, qanlı savaşa ruh yüksəkliyi ilə yollanırdılar. Düşmənlə üz-üzə yalnız qələbə barədə düşünür, vətənpərvərlikləri, döyüş ruhları, hazırlıqları, əzmkarlıqları ilə işğalçının qorxulu yuxusuna çevrilirdilər. Onların azad edilmiş məskənlərimizdə üçrəngli bayrağımızı qaldırmaları, Dövlət himnimizi oxumaları Azərbaycan gəncliyinin Vətən qarşısındakı müstəsna xidmətlərinin tarixdə əbədiləşmiş mənzərəsidir. Bu mənzərədə tarix hər zaman Azərbaycan xalqının yenilməzliyini görəcək. Artıq əminliklə deyə bilərik ki, bütün sahələrdə ölkənin gələcəyini etibar edə, dövlətin yükünün altına çiyinləri davam gətirə biləcək gənclik formalaşmışdır. Bütün bunlar dövlətin sağlam gənc nəsil, güclü vətəndaş, etibarlı gələcək uğrunda illərlə atdığı məqsədli, ağıllı və düşünülmüş siyasətinin nəticələridir. Bu gün yeni bir gələcəyin addım səsləri eşidilir. Bu gələcəkdən kənarda qalmaq istəməyən kər kəs ondan faydalana bilər. Qələbənin cəmiyyətimizə qazandırdığı qalibiyyət ruhu bu firavan hədəfləri ölkəmiz üçün misilsiz bir nailiyyət tarixinə çevirəcək, mohtəşəm salnamələr yaradacaq.”