Anar Məmmədov: Azərbaycanın hərtərəfli inkişafı regionların timsalında da özünü göstərirbackend

Prezident İlham Əliyev ölkəmizin bölgələrinə mütəmadi səfərləri çərçivəsində müxtəlif müəssisələrin açılışlarını edir, regionların sosial-iqtisadi vəziyyəti ilə yerində tanış olur və bu sahədə müvafiq tapşırıqlarını verir. Bütün bunlar həm ölkənin hərtərəfli inkişafına, həm də xalqın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlardır. Prezident və birinci xanım Mehriban Əliyevanın avqustun 12-də İsmayıllı və Ağsu rayonlarına səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Məlum olduğu kimi, Azərbaycanın hərtərəfli inkişafı regionların timsalında da özünü bariz şəkildə göstərir. Bu da səbəbsiz deyil. Belə ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb. Lakin nəzərə alsaq ki, son zamanlar Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa-quruculuq işləri həyata keçirir, iqtisadi imkanlarımız Qarabağın yenidən qurulmasına yönəldilib, bütün bunlara baxmayaraq, ölkəmizin digər bölgələri də unudulmur, regionlarda böyük infrastruktur layihələri həyata keçirilir, tarixi abidələrin bərpası, müasir standartlara cavab verən turizm obyektlərinin istifadəyə verilməsi, qeyri-neft sektorunun inkişafı davamlı şəkildə artmaqda davam edir.

Prezident İlham Əliyev Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsi zamanı regionlarımızın inkişafı, o cümlədən ərzaq təhlükəsizliyi məsələləri barədə ətraflı şəkildə fikirlərini ifadə etdi. Sevindirici haldır ki, dünyada gedən iqtisadi-siyasi proseslər fonunda Azərbaycan dünya iqtisadiyyatına uğurla inteqrasiya edir. Xüsusilə, bu gün dünya olkələri ərzaq təhlükəsizliyi ilə üzləşdiyi vaxtda  Azərbaycan özünü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edir.

Lakın əlbəttə ki, biz özümüzü taxılla hələ uzun illər tam təmin edə bilməyəcəyik. Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi.  Təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək böyük nəticə olacaqdır. Azad edilmiş torpaqlarda da əkin-biçin işləri aparılır. Gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək. Bu bir daha göstərir ki,  Azərbaycan Prezidentinin siyasətinin mərkəzində vətəndaşların rahat həyat şəraiti və məmnunluğu dayanır, heç bir layihə təxirə salınmır.

Ölkə başçısı müsahibə zamanı Azərbaycan Ermənistan münasibətlərinin normallaşması məsələsinə toxunaraq qeyd etdi ki, “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi: “Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik.

Sadəcə olaraq, “Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda biz yeni müharibə istəmirik. Çünki İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq. Digər arzularımıza da çatacağıq, zaman gələndə onlara da çatacağıq”. Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir, Ermənistan isə, sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. Prezident İlham Əliyevin də dediyi kimi, vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər onlar fikirləşirlər ki, bir ildən, ya ilyarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər. Ermənistanın bu vəziyyətlə, yeni reallıqla barışması labüddür, çünki başqa yolu yoxdur. Əgər məğlub ölkə bir daha çirkin əməllərindən əl çəkməsə, bu, onlara çox ağır başa gələcək. Əgər yenə də buna oxşar təxribat təkrarlanarsa, cavab daha da sərt olacaq, ermənilər peşman olacaqlar, daha gur səslə imdad diləyəcəklər.