Anar Məmmədov:“Azərbaycanın tutduğu mövqe birmənalıdır”backend

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiyədək tənzimlənməməsinin əsas səbəbi dünya birliyinin bu ədalətsizliyə obyektiv yanaşmaması, həmçinin işğalçı ölkənin qeyri-konstruktiv münasibətidir.

Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini heç vaxt əks etdirməyib.

Məlum olduğu kimi, Sovet İttifaqı rəhbərliyində Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir

Lakin əfsuslar olsun ki, Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edilib, Dağlıq Qarabağda xüsusi komitənin yaradılması, Volskinin vaxtında  azərbaycanlıların o vaxt Dağlıq Qarabağın bəzi yerlərindən zorla çıxarılması artıq ilk etnik tənzimləmə siyasətinin aparılmasının göstəricisi idi.

Lakin bunu da unutmaq olmaz ki, Azərbaycanın o zamankı rəhbərliyi xalqa xəyanət etmişdi. Sovet İttifaqının 366-cı alayı  azərbaycanlılara qarşı etnik təmizləmə işlərində, Xocalı soyqırımında, torpaqlarımızın işğal altına düşməsində həlledici rol oynamışdır

Azərbaycanın məcburən cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsi və bunun nəticəsində torpaqlarımızın ərazisinin 20 faizinin işğalı bu gün də davam edir. Azərbaycan dövləti, o cümlədən dünya ictimaiyyəti bu günə qədər beynəlxalq təşkilatların, xüsusilə münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupundan təcavüzkarla təcavüzə məruz qalanın adını çəkməyi, konkret bəyanatlar verməyi gözləyir.

Dünya birliyinə də bəllidir ki, münaqişənin nizamlanmasında Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur. Çünki biz daim həm tarixi ədalətə, həm də beynəlxalq hüquqa əsaslanırıq. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək, işğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar.

Ölkəmiz bu problemin həlli üçün hələlik sülh, danışıqlar yolunu seçib.   Bununla yanaşı, yağı düşməni torpaqlarımızdan qovmaq üçün ordumuzun daha da gücləndirilməsi yolunda ciddi işlər görülür. Ermənistanın Azərbaycanın beynəlxalq qaydalar çərçivəsində addımlar atmasından, sülh prosesindən sui-istifadə edərək münaqişənin həllinin yubadılmasına çalışması nəhayət sonlandırılacaq.

 Bu gün qürurla deyə bilərik ki, regionun ən qüdrətli ordusu olan Silahlı Qüvvələrimiz qarşıya qoyulan məqsədlər uğrunda hər zaman döyüşə hazırdır. İndiki halda münaqişənin həlli üçün əsas olan döyüş qabiliyyətinin və ruhunun gücləndirilməsidir. Təbii ki, belə bir zamanda münaqişənin həllində qələbənin təminatı üçün əlverişli vaxt və zaman mövcud olmalıdır.

Müharibə elan etmək qarşı tərəfə fürsət vermək demək olar. Ona görə bunun ən optimal yolu düşməni sarsıtmaq, daim qorxu içində saxlamaq üçün uğurlu döyüş əməliyyatları hazırlamaq və vaxtaşırı həyata keçirməkdir. Belə əməliyyatlar birbaşa düşmənin sarsıdılmasına yönəlir və onu bir növ rahatlaşmağa, əl-qol atmağa imkan vermir, gərginlik altında saxlayır.

Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik. Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik.

Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Bu xüsusda münaqişənin nizamlanmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır.

Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır.

Anar MƏMMƏDOV,

Millət vəkili