Anar Məmmədov: “Dəmir yumruq” əməliyyatı ikinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndibackend

27 sentyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatı nəticəsində İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi.  Döyüş meydanında şanlı tarix yazan Azərbaycan Ordusu ermənilərin 30 il ərzində qurduğu istehkamları qısa müddət ərzində darmadağın edərək, uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi.

44 günlük Vətən müharibəsindəki parlaq Qələbə şanlı Ordumuzun gücünün və qüdrətinin göstəricisi oldu. Bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı dövlət-xalq-ordu birliyi yaratdı. BMT Təhlükəsizlik Şurasının 27 ildir icra olunmayan qətnamələri yerinə yetirildi. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və böyük zəfərimizi xalqımızın tarixinə qızıl hərflərlə yazdı. Dövlətçiliyimizin ən şərəfli səhifələrini yazan bu zəfərlə Azərbaycan faşist ideologiyasına əsaslanan Ermənistanın 30 illik işğalına son qoymaqla dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü yenidən təsdiq etdi. Azərbaycanın tarixinə Zəfər səhifəsini yazan Azərbaycan Ordusu dünya hərb tarixinə qalib ordu kimi adını həkk etdirdi.