Anar Məmmədov: Ərdoğan Milli Məclisdə çıxışı zamanı dünya birliyinə mühüm mesajlar ünvanladıbackend

“44 günlük Vətən müharibəsinin gedişində qardaş Türkiyə həmişə Azərbaycanın yanında oldu, Qarabağ problemini öz problemi hesab etdi. Təcavüzkar Ermənistanın havadarlarının təzyiqləri ilə qarşılaşan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qətiyyətlə bildirirdi ki, onun ölkəsi ədalətin, haqq işinin tərəfindədir və ona görə də Azərbaycanı dəstəkləməkdə davam edəcək. O, xəbərdarlıq edirdi ki, Ankara Ermənistan-Azərbaycan müharibəsinə üçüncü tərəfin qarışmasına dözməyib hadisələrin gedişinə dərhal müdaxilə edəcək. Bu baxımdan Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Beləliklə, bu gün Türkiyə Azərbaycanın qələbəsindən sonra ərazidə sülhün qorunması prosesində də yaxından iştirak edir.”

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov qeyd edib ki, iyunun 16-da Türkiyə Prezidenti Milli Məclisdəki tarixi çıxışı ilə bir daha dünyanın diqqətini Azərbaycana yönəltdi: “Prezident Ərdoğan parlamentdə bir çox mühüm məsələlərə toxundu və birmənalı şəkildə dünyaya çatdırdı ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. Prezident Ərdoğan çıxışında Cənubi Qafqazdakı sülh və əmin-amanlıqdan yalnız Azərbaycan deyil, Ermənistan da daxil olmaq üzrə bütün bölgə ölkələri, hətta bütün dünyanın qazanclı çıxacağını vurğuladı. Həmçinin əsas məsələ “Altılıq Platforması” ilə – Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan platforması yaradılmasının regional vacibliyini vurğuladı. Yeni platforma bütün bölgənin inkişafına xidmət edəcəkdir. Çünki davamlı sülhə gedən yol bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığından keçir.”

Deputat bildirib ki, kommunikasiyaların bərpası və əməkdaşlığın formalaşması üçün əsas layihələrdən biri də məhz Zəngəzur dəhlizinin açılmasıdır: “Belə ki, Türkiyə və Azərbaycan arasındakı imzalanmış Şuşa Bəyannaməsi ilə təkcə iki qardaş ölkəni deyil, bütün türk dünyasını, eləcə də Şərqlə Qərbi birləşdirəcək Zəngəzur dəhlizinin açılması qətiləşdi və bu proses sürətləndiriləcək. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır. Beləliklə, daha bir kommunikasiya xətti türk dünyası coğrafiyasında, eləcə də Asiya və Avropa arasında əlaqələrin daha sürətli və asan olmasına şərait yaradacaq. İntellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının inkişaf etdirilməsi də sənəddə öz əksini tapıb. Yəni Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması regionda nəqliyyat-kommunikasiya əlaqələrinin daha da şaxələnməsini şərtləndirəcək. Bununla da Azərbaycanla Türkiyə birləşəcək. Prezident İlham Əliyev mətbuata bəyanatında da vurğulayıb ki, Azərbaycanla Türkiyənin Zəngəzur dəhlizi vasitəsi ilə birləşməsi İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir: “Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış birgə bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır.”

  1. A.Məmmədov vurğulayıb ki, işğaldan azad edildikdən sonra Qarabağa ilk səfər edən xarici dövlətin başçısı Türkiyə Prezidenti oldu: “Azərbaycan və Türkiyənin növbəti mərhələdə siyasi, iqtisadi və hərbi sektorda əməkdaşlığına dair bəyannamə Bakıda deyil, Qarabağda imzalandı. Bununla da bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri birliyimizin, həmrəyliyimizin rəmzi olaraq Qarabağda yeni və ciddi proseslərə hazırlaşdığını bəyan etdi.”