Anar Məmmədov: Hakimiyyət bütün məsələlərdə dialoqa və müzakirələrə hazırdır”backend

Siyasi dialoq mühitinin yaradılması üçün addımların atılmasının ölkə başçısının tapşırıqları əsasında həyata keçirildiyi məlumdur. Prezident İlham Əliyev problemləri həll etmək istəyir və açıq bəyan edir ki, heç bir kənar qüvvə Azərbaycana təzyiq edə bilməz. Problemlər ölkə daxilində öz həllini tapmalıdır və hakimiyyət bütün məsələlərdə dialoqa və müzakirələrə hazırdır. İqtidar ölkə daxilində hər kəsə barışıq təklif edir. Zənnimcə, konstruktiv danışıqlara hazır olmayan bəzi qüvvələrin bu jesti dəyərləndirə bilməməsi artıq onların öz problemi sayılmalıdır.

Cənab Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında nitqi bir növ son dövrdə ölkədə aparılan ciddi islahatlara verilən dəyərləndirmə idi. Dövlət başçısı proqram xarakterli çıxışında növbədənkənar parlament seçkilərinin demokratik şəkildə həyata keçirilməsini, səsvermənin nəticələrinin Azərbaycan xalqının iradəsini əks etdirdiyini, qanunverici orqanın çoxpartiyalılıq prinsipi əsasında formalaşdığını diqqətə çatdırdı. Cənab Prezident ilk dəfə olaraq parlament rəhbərliyinin çoxpartiyalılıq prinsipi əsasında formalaşmasını da vurğulayaraq, VI çağırış Milli Məclisin rəhbərliyində həm bitərəflər, həm də azlıqda olan partiyaların nümayəndələrinin təmsil olunduğunu bildirdi. Bitərəflər və azlıqda olan partiyaların nümayəndələri də Milli Məclisin daimi komitələrinə sədr seçildilər. Nəticədə isə ayrı-ayrı partiyaların nümayəndələrinin Milli Məclisin rəhbərliyi və komitələrinin rəhbərliyində təmsil olunması siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirilməsi məqsədi daşıyır.

Bir neçə gün bundan öncə Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri ilə Prezident Administrasiyasının Siyasi Partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Parlamentin sədri Sahibə Qafarovanın da qatıldığı “Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağrışlar ” mövzusunda videokonfrans formatında görüş Azərbaycanda hakimiyyətlə siyasi partiyalar arasındakı münasibətlərin yeni müstəviyə çıxmasına imkan verəcək və müharibə şəraitində olan bir dövlətdə Azərbaycanın güclənməsinə, hər hansı bir xarici təsirə qarşı vahid mövqedən çıxış etməsinə şərait yaradacaq. Görüşdə Milli Məclisin Sədri Sahibə Qafarova tərəfindən qeyd olunduğu kimi Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən siyasi islahatlar bütövlükdə ölkədə yeni dialoq və əməkdaşlıq mühiti yaranmasına xidmət edir.

Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev isə ölkəmizdə iqtidar və müxalifət arasında milli maraqlar naminə indiyədək müşahidə edilməyən yaxınlaşma və sağlam əməkdaşlıq şəraiti meydana gəldiyini diqqətə çatdırdı. Təbii ki belə görüşlərin keçirilməsi Azərbaycanda vətəndaş həmrəyliyi və birliyinin daha da möhkəmləndirilməsinə, ölkəmizin davamlı inkişafına xidmət edir. Görüşün sonunda siyasi partiyalar adından bəyanatın qəbul edilməsi pandemiya şəraitində müxalifət və iqtidar arasında dialoq və əməkdaşlıq mühitinin daha da genişlənməsindən xəbər verir. Düşünürəm ki, siyasi partiyalar arasında müntəzəm dialoq mühitinin qurulması dövlətçiliyimiz naminə Azərbaycanda yeni siyasi konfiqurasiyasının formalaşmasına müsbət təsir edəcək və ölkəmizdə çoxpartiyalı sistemin daha da möhkəm əsaslar üzərində qurulması üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq.

Anar MƏMMƏDOV
Milli Məclisin deputatı