Anar Məmmədov:”Hər bir azərbaycanlı əmindir ki, Azərbaycan tezliklə ərazi bütövlüyünü bərpa edəcək”backend

Tovuz istiqamətində gedən döyüşlərdə məğlubiyyətdən sonra işğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə yüksəldən, “Dənizdən-dənizə Ermənistan” xülyası ilə yaşayan işğalçı dövlət nəinki öz xislətindən əl çəkir, əksinə yeni təxribatlara əl atmağa çalışır.

Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Aratunyanın Gəncəni vurmaqla hədələməsi ölkəmizə qarşı növbəti təxribat xarakterli addım kimi dəyərləndirilə bilər. Təbii ki belə bir hədə dolu açıqlama ilə çıxış etmək birbaşa Paşinyan rejiminin özünün yarıtmaz siyasəti nəticəsində yaranmış, eləcə də COVID-19 pandemiyasının Ermənistanda geniş yayılması ilə son dərəcə kəskinləşmiş sosial-iqtisadi problemlər fonunda regional vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmaq, beləliklə də öz süqutunu mümkün qədər uzaqlaşdırmaq məqsədi daşıyır. Çünki hazırda Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxarmağa hesablanmışdı. Paşinyan hesab edirdi ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. Lakin gözləntilərin əksinə olaraq hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesisinin güclənməsi Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin heç bir nəticə verməyəcəyini göstərmiş oldu.
Qarabağsız Azərbaycan yoxdur, Azərbaycanın bir qarış torpağı belə müzakirə mövzusu ola bilməz. Bu baxımdan Araik Aratunyanın işğalçı dövlətin diktəsi ilə Azərbaycanın ikinci ən böyük şəhərinə qarşı heç bir məntiqə sığmayan açıqlaması daxili auditoriya qarşısında yaranmış gərginliyi başqa səmtə yönləndirməkdən başqa bir məna kəsb edə bilməz.
Hər bir azərbaycanlı əmindir ki, Azərbaycan tezliklə ərazi bütövlüyünü bərpa edəcək üzləşdiyi təcavüzkarlığa birdəfəlik son qoyacaq. Diplomatik cəbhədə düşmən üzərində üstünlük qazanan Azərbaycan cəbhədəki son hadisələrdən sonra bir daha hərbi müstəvidə də üstün olduğunu göstərmiş oldu. Hər kəs gördü ki, təcavüzkarı hər an acı məğlubiyyətə düçar etməyə hazır olan qüdrətli Azərbaycan Ordusu var. Buna görə də beynəlxalq ictimaiyyət tərəfindən seçkiləri tanınmayan bir qondarma respublika rəhbərliyinin hər hansı bəyanatla çıxış etməsi heç bir halda ciddi qəbul edilə bilməz.

Anar MƏMMƏDOV
Milli Məclisin deputatı