Anar Məmmədov:Vətən uğrunda qəhrəmancasına həlak olmuş hər bir şəhidimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdırbackend

Azərbaycanda müharibədən əziyyət çəkmiş, öz yaxınlarını itirmiş ailələr daim Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunur və şəhid ailələrinə dövlət tərəfindən göstərilən dəstək ən yüksək səviyyədədir. Möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Vətənin müdafiəsi uğrunda canlarını qurban verənlərin, həmçinin bu yolda əlil olanların sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirir, həssas qəlbli insanların qarşılaşdıqları problemlərin aradan qaldırılması üçün əllərindən gələni əsirgəmirlər.

Bu sözləri “Yeni Gündəm”-ə açıqlamasında millət vəkili Anar Məmmədov deyib.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Şanlı Ordumuz tərəfindən aparılan 44 günlük müharibə nəticəsində torpaqlarımızın müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladları hər zaman qəlbimizdə yaşayacaqdır. Dövlət başçımızın imzaladığı sərəncam ilə hər il 27 sentyabrda şəhidlərin xatirəsinin yad edilməsi üçün anım günü qeyd olunacaqdır. Bu tarix Azərbaycan yaşadıqca əbədi olaraq xatırlanacaq. Dekabrın 3-də 44 günlük müharibə zamanı şəhid olan şəxslərin siyahısı açıqlanıb və bəlli olub ki, bu müddət ərzində 2783 əsgər və zabitimiz Vətən uğrunda şəhid olub. Bu döyüşlər zamanı bütün bölgələrdən olduğu kimi təmsil etdiyim Goranboy rayonu və Naftalan şəhərindən də qəhrəman oğullarımız vətən uğrunda mübarizəyə qoşulmuş, erməni işğalçılarına qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı 96 saylı Goranboy-Naftalan ərazisi üzrə 31 nəfər şəhid olmuşdur.
Bununla bərabər olaraq Nazirlər Kabinetinin qərarı ilə ermənilər tərəfindən qətlə yetirilən mülki insanlara da şəhid statusu verilib. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizdə bu kateqoriyadan olan insanlara böyük diqqət və qayğı var. Bu gün bütövlükdə əvvəlki illərdə olduğu kimi şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyev şəhid ailələrinə, şəhidlərimizin varislərinə davamlı olaraq öz tükənməz qayğısını göstərir və bu örnək addımlar əlbəttə ki, hər birimizi sevindirir. Belə ki, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir və hər bir azərbaycanlı, ölkə vətəndaşı bu addımlardan qürur, fərəh hissləri keçirir. Belə bir dönəmdə şəhidlərin bank borclarının tam həcmdə silinməsi olduqca təqdirəlayiq bir addımdır. Məlum olduğu kimi Azərbaycan Respublikasının Mərkəzi Bankının tövsiyəsi ilə Azərbaycan Banklar Assosiasiyasının üzvləri olan bankların yekdilliklə qəbul etdiyi qərar da bunu göstərir. Hansı ki, həmin qərarda şəhid ailələrinin, o cümlədən düşmən təxribatı nəticəsində zərər görən mülki şəxslərin istehlak kreditlərinin tam həmcdə silinməsi nəzərdə tutulur. Bu fakt bir daha onu göstərir ki, dövlətimiz şəhid ailələrinə maddi-mənəvi dəstəyin göstərilməsini, onların sosial rifahının yüksəldilməsini, onların hər cür qayğı ilə əhatə olunmasını zəruri hesab edir, bütün imkanlarından bu məqsədlə istifadə edir. Bununla yanaşı biz yaxın gələcəkdə də sosial həyatın bütün sahə və sferalarında şəhid ailələri ilə bağlı yeni-yeni mütərəqqi addım və yeniliklərə şahid olacağıq. Dövlətimizin gördüyü və görəcəyi tədbirlər sayəsində şəhid ailələrinin sosial rifahı daha da yüksələcək, onların sosial təminatı ən yüksək səviyədə təmin ediləcək. Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi tərəfindən xüsusi diqqət və qayğı göstərilməsi bundan sonra da davam etdiriləcək. Vətən uğrunda qəhrəmancasına həlak olmuş hər bir şəhidimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa versin.