Anar Məmmədov: Yüz üç il öncə yaradılmış zəfər yolu bu il Qarabağdan keçdibackend

“26 iyun təqvimimizin şanlı səhifələrindən biri, Azərbaycan Silahlı Qüvvələrinin yarandığı gündür. Yüz üç il öncə bu gün Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası ilk milli ordu birləşməsinin təşkil edilməsi barədə qərar qəbul edib.

Cümhuriyyət dövrünün əksər səhifələri kimi bu tarixdən də uzun müddət xəbərsiz olmuşuq. Yalnız 1998-ci ildə bu gün təqvimdə haqq etdiyi yeri aldı. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü elan edildi. Milli Ordunun yaranması isə yeni qurulan milli dövlətin özünütəsdiq tarixinin ən önəmli mərhələsi idi.”

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov qeyd edib ki, dövlət müstəqilliyimizin bərpasından sonra ilk dəfədir ki, bu il tarixə qızıl hərflərlə yazılan Qələbəyə doğru gedən azadlıq hərəkatının sonu kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününü ordumuz qalib kimi qeyd edir: “Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev çıxışlarının birində demişdir ki, müasir mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olub. Xalqımız fəxr edir ki, müasir dövrdə Ulu öndərin irsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqil dövlətçilik kursunu inkişaf etdirən ölkə başçısı həm suverenliyimizin, həm də ərazi bütövlüyümüzün qarantı olan Azərbaycan Ordusunun hərbi qüdrətinin artırılmasına daim diqqət yetirir.  Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilib, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam – intizama malik bir quruma çevrilib. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, ordunun gücləndirilməsi daim prioritet məsələdir. Ümumiyyətlə, son illər bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da möhtəşəm uğurlarla əlamətdardır. Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi qətiyyətli, düşünülmüş siyasəti nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatına və modern ordusuna sahibdir. Bu gün dünya reytinqində də ən güclü ordular sırasında yer alan Silahlı Qüvvələrimiz eyni zamanda dünya hərb sənayesinin ən son yenilikləri olan silah – sursat Azərbaycan Ordusunun arsenalında yer alır. Cənab İlham Əliyev sistemli şəkildə təmas xəttində, səngərlərdə olur, əsgərlərlə görüşür, onları təltif edir, durumları ilə maraqlanır. Bunlar həm orduda böyük ruh yüksəkliyi doğurur, həm də onun daxilində olan məsələləri öyrənib problemlərin dərhal həll olunmasına şərait yaradır. Bütövlükdə ordu – rəhbər birliyi, ordu – xalq vəhdəti özünün yüksək səviyyədə həllini tapır.”

Deputat bildirib ki, ötən gün Prezident İlham Əliyevin 26 iyun – Silahlı Qüvvələr Günü ərəfəsində 76 mindən artıq hərbçini təltif etməsi qalib Orduya olan diqqət və qayğının nəticəsidir: “Azərbaycan Prezidentinin hərbi qulluqçuların təltif edilməsi barədə imzaladığı sərəncamlar Silahlı Qüvvələrin şəxsi heyətini daha qətiyyətli, Vətənin müdafiəsi işində daha əzmkar və ayıq-sayıq olmağa ruhlandırır. Bu gün Azərbaycan Ordusunun istər texnika və bacarıqlı hərbi kadrlar baxımdan təchizatı ilə, istərsə də ölkəmizin iqtisadi potensialının bu istiqamətdə açdığı imkanlarla həqiqətən öyünməyə dəyər. Bu bir gerçəkdir ki, sülh danışıqları, diplomatiya yalnız və yalnız o vaxt səmərəli olur ki, onun arxasında güclü və qarşı tərəfin hesablaşdığı ordu dayansın. Bu reallıqla işğalçı dövlət də əvvəl-axır hesablaşmağa məcbur oldu. Necə ki, 2016-cı ilin aprelində bu gücün qarşısında geri durmağa məcbur oldu, ötən ilin sentyabrında da rəşadətli ordumuz Ali Baş Komandanımızın rəhbərliyi ilə tariximizin saf incisini düşmən tapdağından təmizləməklə bizi bir ömürlük nəsibimizə yetirdi. Azərbaycan ordusu Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara dərs verərək, Köçəryan-Sarkisyan ordusunu məhv etdi. Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının gücünü, ordunun peşəkarlığını, hərbçilərin cəsarətini və qəhrəmanlığını göstərdi. Babaların yüz üç il öncə Gəncədən Bakıya istiqlalı gətirən zəfər yolu nəvələrin sayəsində bu il Qarabağdan da keçdi.”

A.Məmmədov vurğulayıb ki, 44 günlük Vətən müharibəsi dünya ictimaiyyətinə Azərbaycan Ordusunun nə qədər qüdrətli ordu olduğunu bir daha nümayiş etdirdi: “Bütün dünya şahidi oldu ki, Azərbaycan Ordusu bu döyüşlərdə necə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərdi. Bununla da öz ordusu haqqında yalanlar, miflər uyduran Ermənistanın təbliğatına ciddi zərbə vuruldu.”