Antalyadan qeydlər – FOTOLARbackend

Türkiyənin Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə bir qrup media əməkdaşları Türkiyənin və dünyanın ən qabaqcıl turizm şəhərlərindən olan Antalyada səfərdədir.

“Yeni Gündəm” xəbər verir ki, həm qış həm də yay turizm mərkəzlərindən olan Antalya şəhəri təkcə yerli turistlərin deyil, əcnəbilərin də daima üz tutduğu məkanlardan biridir. Xüsusilə Rusiyalı turistlərin sevimli məkanı olan Antalya şəhəri Azərbaycan vətəndaşlarının da sevimli məkanlarındandır.

Bütün dünyanı cənginə alan pandemiya səbəbilə digər ölkələrdə olduğu kimi Türkiyəyə də səfərimiz zamanı müəyyən qəbul edilən qaydalar çərçivəsində səfərə başladıq.
Hazırda Türkiyə hökuməti ölkəyə gələn turistlərdən covid pasportu tələb etməsə də, ən geci 72 saat əvvəl edilən PCR testinin mənfi nəticəsini tələb edir. Testdən keçmək üçün dövlət və özəl klinikalar təqdim edilir.

Testin qiyməti məkanından asılı olaraq 40-120 azn arasında dəyişir. Bundan savayı səfər biletlərinin tək gedişi üçün qiymət 300-500 azn olaraq dəyişir. Bir çox ölkələrdə olduğu kimi Türkiyədə də karantinlə bağlı məhdudiyyətlər, qadağalar qüvvədədir və buna əməl etməmək cəza almağınıza səbəb ola bilər.

Antalyadan xatirələr…

Əvvəldə də qeyd etdiyimiz kimi Antalya özünəməxsus təbiəti, istirahət mərkəzləri ilə dünyada sevilir. Kurort şəhərinin forması da maraqlı olması ilə seçilir. Şəhər dəniz səviyyəsindən 30 metr yüksəklikdə yerləşir. Antalya dəniz və çimərlikləri ilə bərabər, tarixi abidələri, şəlalələri, təbiəti ilə seçilir. Yay ayları olmasına baxmayaraq, havanın orta temparuturu iqlim normasına yaxındır, lakin tezliklə yüksəlməsi gözlənilir.

Antalya dedikdə ağla gələn ilk simvollardan biri də portağaldır. Portağal ağaclarına şəhərin müxtəlif yerlərində tez – tez rast gəlmək olur. Yerli sakinlərin və turistlərin ən çox istifadə etdiyi təamlardan biri də məhz portağal,turunc mürəbbəsidir.

Pandemiya məhdudiyyətləri aradan qalxdıqca və yumşalmalar olduqca Antalyaya gələn turistlərin sayı artır. Artıq qısa müddət sonra bura Rusiyadan olan turistlər başda olmaqla dünyanın müxtəlif yerlərindən turistlərin axını gözlənilir.

Səfərimizin davamı ilə bağlı növbəti yazıda…

Təbriz Məhərrəmoğlu

Türkiyə – Antalya