“Antiterror əməliyyatın aparılması qanuni haqqımızdır” AÇIQLAMAbackend

“Təəssüf ki, Qarabağda ermənilərin məskunlaşdığı ərazilərə yerləşdirilmiş sülhməramlılar öz funksiya və vəzifələrini lazımı qaydada yerinə yetirmirlər. Məhz sülhməramlıların imkan yaratması sayəsində erməni separatçıları özlərinin təxribat əməllərini davam etdirirlər”. Bunu millət vəkili Azər Badamov “Səs” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, erməni təxribatları uzun müddətə davam edə bilməz: “Ölkə başçılarının iştirakı ilə üçtərəfli bəyanatlar razılaşdırılaraq imzalanmışdır. Amma Ermənistan üçtərəfli bəyanatların icrasını müxtəlif bəhanələr gətirərək icra etməkdən yayınmaq istəyirlər. Hesab edirəm ki, ermənilərin seçdiyi bu yol heç də onların gələcəyi üçün yaxşı heç nə gətirməyəcək. Torpaqlarımız işğal altında olduğu dövrdə də ermənilər mütəmadi təxribatlar törədərək müharibəyə çağırışları olan bəyanatlar səsləndirirdilər. Nəticədə isə Azərbaycanın müzəffər ordusu hərəkətə keçərək ermənilərin 30 ildə qurduğu sədləri darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi. İndi də Azərbaycan mövcud vəziyyətə səbirlə yanaşır, amma səbrimiz tökənə də bilər. Düşünürəm ki, düşmənin təxribatları davamlı olarsa antiterror əməliyyatı keçirərək Xankəndini və ətraf ərazilərimizi erməni tör-töküntülərdən təmizlənməsi qaçılmaz olacaqdır. Azərbaycanın atdığı bütün addımlar beynəlxalq hüquqa söykənir və ərazilərimizdə antiterror əməliyyatın aparılması tam qanuni haqqımızdır”.