Antiterror tədbirləri ilə cəmi 23 saata müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində konstitusiya quruluşu bərqərar edildi – Bəhruz Məhərrəmovbackend

Biz 28 il əvvəl referendumla Konstitusiyamızı qəbul edərkən qarşımıza çox ülvi və ali məqsədlər qoymuş, əzmlə Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, hüquqi, dünyəvi dövlət qurmaq, hamının layiqli həyat səviyyəsini təmin etmək, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ali hədəflərə doğru yürümüşük!
Bu illər ərzində dövlət xalqımız üçün şərait və imkanları nəzərə alaraq edə biləcəyinin ən yaxşısını edib, lakin həmişə bir tərəfimiz yarım qalıb, ərazi bütövlüyümüz, sülh və əmin-amanlıq şəraitində yaşamaq niyyətimizə mənfur düşmənlərimiz və onların ləyaqətsiz havadarları sədd olub. Biz illərdir ki, bu tarixi günü yaralı şəkildə, həsrət və nisgil dolu hislərlə qeyd etmişik, ta ki müzəffər Azərbaycan Ordusunun Prezident İlham Əliyevin müzəffər Ali Baş Komandanlığı altında şanlı qələbəsinə qədər… Üç il öncə Azərbaycan hərbi-siyasi yolla işğala son qoyub düşməni kapitulyasiyaya məcbur etməklə, digər böyük hərbi-siyasi nəticələrlə yanaşı həm də Ümummilli Liderin şah əsəri sayılan Konstitusiyamızın ali qüvvəsini sərhəd bütövlüyümüz çərçivəsində faktiki olaraq təmin etmiş oldu. Bu ilin sentyabrında isə antiterror tədbirləri ilə cəmi 23 saata müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində konstitusiya quruluşu bərqərar edildi.
Bu gün gücümüz, nüfuzumuz artıq bizə imkan verir ki, o müqəddəs kitabın – ana qanunumuzun ehkamları bütün dünya azərbaycanlılarının hüquq və azadlıqlarını əhatələsin, Azərbaycan bir dövlət olaraq yalnız vətəndaşlarımızın yox, həm də harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımızın hamisinə çevrilsin.
Konstitusiya Günün mübarək, qüdrətli Azərbaycan!

Bəhruz Məhərrəmov

Milli Məclisin deputatı