Aqrar İnkişaf Könüllüləri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçiribbackend

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) dəstəyi ilə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr edilən ağacəkmə aksiyası həyata keçirib.

“Yeni Gündəm” xəbər verir ki, “İnkişaf üçün varıq!” şüarını əsas tutan Aqrar İnkişaf Könüllüləri ağacəkmə aksiyasını Gəncə şəhərində keçirib. Könüllülər dahi sənətkarın 880 illik yubileyi ilə əlaqədar olaraq şəhər ərazisində 880 nar ağacı əkiblər.
Ağacəkmə kampaniyası zamanı karantin rejiminin qaydalarına ciddi əməl olunub. İştirakçılar tibbi maskalardan, tibbi əlcəklərdən istifadə edib, sosial məsafə qorunub.
Nar ağaclarına mütəmadi olaraq könüllülərin iştirakı ilə aqrotexniki qulluq ediləcək və bu məqsədlə iməciliklər təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib.