Aqrar sektorda fəaliyyət göstərən sahibkarlara üçtərəfli dəstəkbackend
Sahibkarlığın inkişafının dəstəklənməsi və bu çərçivədə sahibkarlıq subyektlərinin özinvestisiya layihələrini reallaşdırmaq məqsədi ilə “ABAD” publik hüquqi şəxs, Azərbaycan Beynəlxalq Bankı və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) birgə əməkdaşlıq edəcək.
ABAD-dan “Yeni Gündəm”-ə verilən məlumata görə, bu məqsədlə müvafiq qurumlar arasında qarşılıqlı əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Sənədə əsasən üçtərəfli dəstək bu proses üzrə həyata keçiriləcək: “ABAD” aqrar məhsulların qablaşdırılması və satışının təşkili işlərində sahibkarlara dəstək olacaq. Eyni zamanda istehsal və marketinq sahələrində yeni təcrübələrin əldə olunmasına şərait yaradacaq. Azərbaycan Beynəlxalq Bankı üzərinə düşən missiyaya uyğun olaraq sahibkar müştərilərə güzəştli kreditlər verəcək. Bu prosesin operativ şəkildə aparılmasını təmin edəcək. Bank aqrar sahədə fəaliyyət göstərən iş adamlarına özünün “Sahibkarlar Klubu” xətti ilə müxtəlif imtiyazlı xidmətlərdən (logistika, nəqliyyat, sertifikatlaşdırma və s.) faydalanmaq imkanı da yaradacaq. Aqrar Kredit və İnkişaf Agentliyi bankla qarşılıqlı müqavilələr çərçivəsində maliyyələşmə sahəsində tərəfdaşlıq dəstəyi göstərəcək. Eyni zamanda, öz fəaliyyət istiqamətləri üzrə ekspert dəstəyi və təcrübə mübadiləsi ilə sahibkarlara faydalı olacaq. İmzalanma mərasimində çıxış edən “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev bildirib ki, sahibkarlar və kənd təsərrüfatı məhsullarının istehsalçıları bu əməkdaşlıq çərçivəsində yaradılan imkanlar hesabına yerli və beynəlxalq təşkilatların proqramlarından faydalana biləcəklər: “Onlara ekspert dəstəyi göstəriləcək. Təcrübə mübadiləsi aparmalarına şərait yaradılacaq”. Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev qeyd edib ki, üç tərəfdaş arasında imzalanan bu sənəddə nəzərdə tutulmuş tədbirlərin uğurla reallaşdırılması aqrar sahədə mikro, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə kömək göstərəcək: “Bu əməkdaşlıq çərçivəsində kənd təsərrüfatı sahəsində dayanıqlı və davamlı inkişaf yönümlü müştərək layihələr yerinə yetiriləcək. Birgə məhsullar hazırlanacaq”. Azərbaycan Beynəlxalq Bankının Korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli bildirib ki, aqrar sektorun inkişafının dəstəklənməsi Bankın fəaliyyət strategiyasında xüsusi yer tutur: “Son illər biznes layihələrinin reallaşdırılmasına fəal şəkildə kömək göstərdiyimiz kiçik və orta sahibkarlıq subyektlərinin müəyyən bir qisminin fəaliyyəti məhz aqrar sektora aiddir. Belə bir niyyət protokolu çərçivəsində tərəfdaşlarımızla imkanları birləşdirmiş oluruq. Bu da aqrar sahədə çalışan iş adamları üçün daha da faydalı olmağımıza imkan verəcək”. Yaxın gələcəkdə üç təşkilatın iştirakı ilə birgə korporativ sosial məsuliyyət layihələrinin həyata keçirilməsi də nəzərdə tutulur