Armen Sarkisyanın saxta təbəssümü, Telavidə inaqurasiya və “indi bildinizmi İrəvan kimin şəhəridir” həqiqətibackend

Bakıdan havaya qalxan təyyarəmiz çox keçmədən Tbilisi beynəlxalq hava limanında yerə endi. 2018-ci il dekabr ayının 15-i idi.

Gürcüstanın yeni seçilən prezidenti Salome Levanovna Zurabişvilinin inaqurasiya mərasimində iştirak etmək üçün qonşu Gürcüstana yollanan nümayəndə heyətinin tərkibinə mən də daxil edilmişdim. Doğrusu elə bilirdim ki, artıq mənzil başına çatmışıq və rəsmi protokola uyğun bir azdan qarşılanma olacaq və paytaxt Tbilisidə  andiçmə mərasiminin təşkil edildiyi məkana gedəcəyik. Ancaq nədənsə xeyli vaxt keçməsinə baxmayaraq hələ də hava limanından ayrılmamışdıq. Tələskənlik edib heç kimdən heç nə soruşmurdum. Onsuz da necə olsa protokola tabe idik. Nə edəcəklərini, hara nə zaman gedəcəyimizi onlardan soruşmaq əlbətdə yersiz olardı. Bir qədər daha vaxt keçdikdən sonra birdən canlanma hiss etdim. Nümayəndə heyətimzin rəhbəri olan hörmətli dövlət rəsmimiz dərhal aeroportdan çıxmaqla baxlı tapşırıq vermişdi. Yalnız bundan sonra məsələnin nə yerdə olduğunu öyrəndim. Bəlli oldu ki, inaqurasiya mərasimi Tbilisidə yox Telavidə, Kartli və Kaxetiya çarı 2-ci İraklinin sarayında keçiriləcəkmiş. Tbilisidən Telaviyə məsafə cəmisi 100 km olsa da relyef və qış ştlərinə görə oraya çatmağımız xeyli vaxt aparacaqmış. Ancaq bizim nümayəndə heyətinin birdən-birə hava limanından tez ayrılmaq qərarının səbəbi isə bu deyilmiş. Sən demə bizimkilərə xəbər çatıb ki, Ermənistan prezidenti Aremn Sarkisyan da inaqurasiya mərasiminə gələcək və elə bu dəqiqələrdə onun təyyarəsinin Tbilisi hava limanına enişi gözlənilirmiş. Belə olduqda rəsmi qəbul məkanı eyni olduğu üçün hava limanında görüşmək qaçılmaz ola bilərmiş. Və bu da bizim nümayəndə heyəti üçün əsla arzu olunan deyildi. Beləliklə biz hava limanından ayrılaraq Telaviyə doğru yola çıxdıq. Yol çox maraqlı idi və doğrusu mənimlə eyni avtomobildə olan dövlət rəsmisi dostumuz da elə maraqlı insan idi. Sən demə mənim tarix və etnoqrafiyamızla bağlı yazdığım yazıları, məqalələri daima izləyirmiş. Hətta Gürcüstan üzərindən Karsa gedib dönən zaman yazdığım səyahət qeydlərimi də oxuyubmuş. Məqalənin adı “Bizim üçün darıxan toponmlərimiz yaxud yer adlarımızın səssiz harayı” idi. Bir az da həmin məqalədən aldığı zövqlə keçdiyimiz kəndlərin, qəsəbələrin adlarının nə olduğunu, etimalogiyasını yaxud necə izah edilməli olduğunu məndən soruşur mən də böyük həvəslə həmsöhbətimə bunları izah edirdim. Beləcə yolun necə keçdiyini bilmədən gəlib Telaviyə çadıq. Bir gün sonra yəni dekabr ayının 16-da inaqurasiya mərsiminə qatıldıq. Nümayəndə heyətinin rəhbərləri rəsmi törənin keçirildiyi  məkanda, biz isə bir qədər aralıda mərkəzə gedən yolun üzərində oturmuşduq.
Fransanın keçmiş prezidenti  N.Sarkozi, digər rəsmi qonaqlar və nəhayət A.Sarkisyan da yanımızadan keçib getdilər. Yadımda qalan N.Sarkozinin səbəbsiz təlaşla ayağının dolaşaraq az qala yıxılması və A.Sarkisyanın üzündəki saxta təbəssüm oldu. Özünü humanist və xeyrxah biri kimi göstərərməyə cəhd edərək  üzünə yalançı bir təbəssüm maskası taxmışdı.
Bir də gürcü xalqının öz dini liderinə olan olan dərin hörməti və açıq nümayiş etdirdikləri rəğbəti yadımda qaldı. Bütün Gürcüstanın katalikos-patriarxı İkinci İliaya təzim edib önündə diz çökmək və and içmək rəsmi mərasimin bir hissəsi idi və hər iki prezident, artıq keçmiş prezident hesab edilən Marqvelaşvili də yeni seçilən prezident Zurabişvili də bunu çox böyük məmnuniyyət və həvəslə etdlər .
Mərasimdən əvvəl Kaxeti- Kartli Çarı 2-ci İrakli və onun sarayı haqqında xeyli məlumatlar səsləndirdilər. Görünür gürcülər fürsətdən istifadə edib öz dövlətçilik tarixləri, necə möhtəşəm çarları olduğu barədə qonaqlara daha müfəssəl məlumat vermək istəyirdilər və hətta bəzən ifrata varırdılar. Byaqdan bəri həmsöhbətim olan Gürcüstanın azərbaycan əsilli deputatı artıq dözə bilməyib mənə dedi ki, Hikmət bəy bilirsənmi bu İraklinin möhürünün üstünə nə yazılıb. Dedim ki, hörmətli millət vəkilim 2-ci İrakli haqqında məlumatım var ancaq doğrusu bilmirəm onun möhürünün üstündə nə yazılıb. Özünü saxlaya bilməyib bal kimi şirin Borçalı ləhcəsində – “ayə bilersənmi bunun möhürünün üstündə yazılıf kı, Şah oğlu Şah Abbasın sadiq nökəri 2- ci İrakli”. Bir anda qürur dolu sevinc məni boğdu və ürəkdən doyunca güldüm!
Nəhayət mərasim başladı və bir qədər sonra rəsmi yemək üçün saraya dəvət edildik. Bütün  nümayəndə heyəti diqqətli davranır erməni nümayəndə heyəti ilə rastlaşmaq istəmirdi. Ancaq təsadüfənmi yoxsa əvvəlcədən planlaşdırıldığı üçünmu, bilmirəm, bizim nümayədə heyətinin başçısını Sarkisyanla qonşu masada əyləşdirdilər. Sarkisyan eyni saxta təbəssüm və humanist görkəmlə söhbət etməyə cəhd gösərib, sülhdən qonşuluqdan danışsa da bizim rəhbərimiz ona sillə kimi cavablar verirdi. İrəvanda doğulub böyüdüyü üçün bu şəhəri əlinin içi kimi tanıyırdı. Hətta İrəvandan danışrkən küçələrin, döngələrin yerini elə dəqiqliklə deyib təsvir edirdi ki , Sarkisyan doğurdan da belə olub-olmadığını dəqiqləşdirmək üçün yanındakılara müraciət edib və deyilənlərin doğru olduğunu təsdiq edən cavablar alırdı. Vəziyyətin belə olduğunu görən  bizim rəhbər isə  fürsəti qaçırmayaraq bildirdi ki, indi bildinizmi İrəvan kimin şəhəridir. O şəhər mənim və mənim kimi minlərlə azərbaycanlının şəhəridir. Siz orada yaşasanız da o şəhəri bizim kimi tanıya və sevə bilməzsiniz.  Çünki o şəhərin ruhu azərbaycanlıdır! Bu sözlər Armen Sarkisyana şapalaq kimi dəyidi və üzündə gəzdirdiyi saxta maskanı düşürdü. Şam yeməyinin sonuna qədər bir daha danışmadı. Rəsmi yeməkdən sonra artıq hamımızın keyfi kök idi. Çünki məlum söhbətdən sonra artıq ermənilər bizdən qaçmağa başlamışdılar .
Sarkisyanın iknci dəfə maskası 44 günlük müharibədə Müzəffər Ali Baş Komandanımızın, onun qalib ordusunun gücü ilə düşürüldü. İndi isə vəziyyət o yerə gəlib çatıb ki, utancından və xəcalətindən, məğlubiyyətin faciəvi ağrılarından prezident kürsüsündən belə  qaçır, baş götürüb gedir. Ancaq hara …armenlər, sarkisyanlar, köçəryanlar haraya, nə qədər uzağa qaçsanız da özünüzdən və məğlubiyyətinizdən qaça bilməyəcksiniz. Bax beləcə acı icndə, məğlubedilmiş şəkildə sonunuzu görməyə məhkum edilibsiniz. Biz isə tanıdığımız, sevdiyimiz, bildiyimiz Zəngəzura, Göyçəyə, İrəvana ümidlə, inamla baxırıq. Artıq doğma yurd yerlərimizi yuxularda deyil üfüqdə, şəfəqlər içərisində görürük. Bir nəfəs qədər yaxınıq ruhu da, nəfəsi də bizdən olan əcdad yadiğarı o şəhərlərə, o torpaqlara ! Yaşasın Müzəffər Ali Baş Komandanımız, Yaşasın Qalib Ordumuz, yaşasın Qüdrətli və Güclü Azərbaycan!

Hikmət Babaoğlu

Millət vəkili