Artıq ümid dolu gözlərlə baxırıqbackend

Xatirimdədir məktəb vaxtı tez-tez “Hardan başlanır vətən?” mövzusunda tez-tez inşa yazardıq. Doğrusu, bir məktəblinin təxəyyülündən başqa bir şey deyildi qələmə aldıqlarım. İki il öncə yaşadığım hiss və həyəcan isə sadəcə təxəyyül deyil, hətta uzun – ta ki, zəfər cəngi çalınanadək qəlbimdə qalacaq dərin bir ağrı və hüzn idi. Bir qrup tələbə və müəllim heyəti ilə çıxdığımız yol üzü Ağdama sarı idi. Məqsədimiz cəbhə xəttində yaşayan cəsur insanlarımızı və əsgərlərimizi görüb, onlarla həmsöhbət olmaqdı. Elə bu məqsədlə bir neçə saat sonra mənzil başına çatmışdıq. Düşmənlə sadəcə bir neçə metrlik məsafədə tikilmiş evlər, o evlərin həyət-bacasında oynayan uşaqlar, düşmənə bu qədər yaxın olan torpaqlarda insanların necə əzmlə çalışması, buralarda qurub-yaratmaq eşqi mənim üçün əsl vətən, torpaq sevgisinin təcəssümü idi. Elə, mən də söhbətini etdiyim insanlar kimi bu torpaqda böyük bir sevgi və qürurla adımlayırdım ki, birdən arxadan gələn ani – “Dayan!, Qarşıdakı xətti keçmək olmaz!” – səsindən diksinərək ayaq saxladım. Əslində, məktəbdə tez-tez verilən o – “Hardan başlanır vətən?” sualına ordaca cavab tapmışdım. Çox acıdır, sənin olan, ata-babalarının böyüyüb, boya-başa çatdığı bu torpaqlara ayaq basa bilməmək. Ağdamdan qayıdan zaman duyğularımı ifadə etmək üçün qısa bir cızma-qara da etmişdim. Anama bənzətmişdim, o ayağımı qoya bilmədiyim üzüqara torpaqları. Düşünün, ana sənindir, amma onu nə istədiyin kimi qucaqlaya bilirsən, nə də ki, bir dərdini bölüşə.
Yazdıqlarım nə hansısa təxəyyül idi, nə də pafos dolu cümlələr. Həmin an ifadə etdiklərim, bəlkə, yaşadığım duyğunun heç yarısı da deyildi. Artıq günlərdir sevincliyəm, torpaqlarımızın tam azad olunacağı zamanı, yaxında çalınacaq zəfər cəngini, elə Ağdamdan dönəndə yazdığım kimi Şuşanın ən hündür yerində qalanacaq çarçı tonqalının ətrafına toplaşacağımız günü səbirsizliklə gözləyirəm.

Gülçin Cəmil,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi