Artur Rasizadə Sovet qoşunlarını Bakıya dəvət etməsi iddiaları barədə danışdıbackend

Sovet Ordusunun 20 yanvar 1990-cı il tarixində Bakıda törətdiyi qanlı hadisələrin 32-ci ildönümündə xatırlanan məmurlardan biri də Azərbaycanın keçmiş Baş nazir Artur Rasizadədir.

İddialara görə, məhz A.Rasizadə Bakıdakı etirazçılara qarşı qoşun yeritmək barədə Moskvaya gizli teleqram göndərib.

“Yeni Gündəm” xəbər verir ki, A.Rasizadə modern.az-a müsahibəsində bu iddiaları təkzib edib.

“Bu barədə iddialardan, yazılanlardan xəbərim var. Amma Sovet İttifaqının tarixində belə bir şey olmayıb ki, hansısa respublikanın Baş nazirinin müavini Mərkəzi Komitənin Baş katibinə məktub ya da teleqram göndərsin. Məgər Rasizadənin işi-gücü yox idi ki, Qorbaçova teleqram göndərir?!”.

A.Rasizadə deyib ki, respublikanın Birinci katibi, ikinci katibi, Baş naziri yerində ola-ola Baş nazirin müavini Qorbaçova məktub yaza bilməzdi:

“Artur Rasizadə hansı statusla Qorbaçova məktub göndərib Sovet qoşunlarını Bakıya dəvət edir? Belə yalan olar?! Əlbəttə yalandır…”.

Sabiq Baş nazirin sözlərinə görə, hər yazılana əhəmiyyət verməyə çalışmır: “Hər yazılana cavab versəydim, gərək işləməyəydim. 22 il Baş nazir, 6 il Baş nazirin birinci müavini, 4 il Mərkəzi Komitənin Maşınqayırma şöbəsinin rəisi və sairə vəzifələrdə işləmişəm. Ulu öndər Heydər Əliyev həmişə deyirdi. “Yalan informasiyalar yazılanda baş qoşma”. Mən də həmişə elə düşünmüşəm. Yalan yayanlar vicdanını qarşısına qoyub özünə sual versin ki, “bu qədər yalanlarla nəyi sübut etmək istəyirəm?!”.

Xatırladaq ki, A.Rasizadə 1990-cı ilin yanvar hadisələri zamanı Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutub.

Həmin dövrdə Nazirlər Sovetinin sədri vəzifəsində Ayaz Mütəllibov çalışıb.

Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi postunda isə Əbdürrəhman Vəzirov işləyib.

Adları çəkilən hər üç keçmiş məmur müsahibələrində sovet qoşunlarının Bakıya çağrımadıqlarını iddia ediblər.