Arutyunyanın daha bir səs yazısı yayıldıbackend

“Dağlıq Qarabağ Respublikası”  “parlamentinin”   keçmiş üzvü Ruslan İsraelyanla separatçı rejim rəhbəri Araik Arutyunyanın səs yazısı yayılıb.

“Yeni Gündəm” erməni mediasına istinadən xəbər verir ki, səs yazısında Arutyunyan Ermənistanın onlara yardım etməməsindən şikayətlənir. Separatçı rejim rəhbəri deyir ki, 10 gündür Ermənistandan kömək gözləsə də, İrəvandan xəbər yoxdur.

İsraelyan səs yazısının saxta olmadığını bildirib. Onun sözlərinə görə, bu danışıq 6 yaxud 7 noyabrda olub.

“Həqiqətdir, amma kimin yaydığını bilmirəm”, – deyə o əlavə edib. İsraelyan həmçinin bildirib ki, Arutyunyanla telefon danışığı məqsədli şəkildə yayıla bilər. Amma o, burada hansı məqsədin güdüldüyünü deməyib.

Ehtimal olunur ki, bu səs yazısı Ermənistan Baş naziri Nikol Paşinyana qarşı kampaniyanın tərkib hissəsidir. İsraelyanla Arutyunyanın telefon danışığı Baş naziri Qarabağı satmaqda ittiham etmək üçün əlavə dəlil hesab edilə bilər.