Arzu Bağırova: “Azərbaycan tarixinin ağrılı səhifəsi arxada qaldı…”backend

“Avqustun 30-da Şuşada Vaqif Poeziya günlərinin keçirilməsi Azərbaycanın mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin, eləcə də diğər vətəndaşlarımızın böyük sevincinə səbəb oldu.

Həmin gün bütün vətəndaşların nəzərləri televiziya vasitəsilə Şuşaya yönəlmişdi. Zarafat iş deyil. 30 ilə yaxın davam etmiş işğaldan azad olunan Şuşada millətim qürurla, fəxrlə dövlət başçısının və birinci xanımın ətrafına toplaşıb bu möhtəşəm tədbiri qeyd edirdi. Bütün dünyaya mesaj ötürülən bu toplantı, erməniyə və onun havadarlarına göz dağı oldu, desəm, heç yanılmaram”. Bu sözləri “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova Şuşada keçirilən Vaqif Poeziya Günləri ilə bağlı söhbətində bildirdi. O, fikirlərinə davam edərək dedi:

– Respublika Prezidentinin və birinci xanı­mın Azərbaycan ədəbiyyatının və incəsənətinin görkəmli nümayəndələri, Milli Məclisin depu­tatları ilə birlikdə Molla Pənah Vaqifin büstü və məqbərəsinin, Bülbülün ev muzeyinin, Üzeyir Hacıbəylinin büstünün açılışlarında iştirakların­dan fərəhləndik, sevindik. Dövlət başçımız çı­xışında bildirdi ki, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximiz olaraq əbədi yaşayacaq. Çünki bu qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik. Bu gün Şuşa artıq dirçəlir və Şuşanın dirçəlməsi üçün əməli addımlar atılır.

Prezident müharibədən sonra Şuşaya ilk dəfə bu il yanvarın 14-də gəldiyini təsadüfən seçmədiyini dedi: “Çünki o tarixdən 39 il əvvəl burada ulu öndərin iştirakı ilə Vaqi­fin məqbərəsi açılmışdı və məhz yanvarın 14-də mənim buraya gəlməyimin çox böyük rəmzi mənası var idi. Buraya ilk səfərimdə ilk göstərişlərdən biri də o oldu ki, Vaqifin məqbərəsi bərpa edilsin, çünki vandallar bu məqbərəni dağıtmışdılar, sökmüşdülər. Vaqifin içəridəki barelyefini, sinə daşını sökmüşdülər. Yəni, onlara xas olan vandalizm törətmişdilər, necə ki, azad edilmiş bütün başqa torpaqlarda biz bunun şahidiyik. Məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü və bu gün biz bu məqbərənin önündə Vaqif Poeziya Günlərinə start veririk. Vaqif Poeziya Günləri də bərpa edildi, “Xarıbülbül” festivalı da bərpa edildi. Bu ilin may ayında biz çox böyük coşqu ilə bu festivalı keçirdik və bu tarixi bərpa etdik”.

Həmsöhbətim bildirdi ki, ilk səfəri çərçivəsində Şuşanın bərpası ilə bağlı bütün lazımi göstərişlər verdiyini və 7 ay ərzində artıq çox böyük işlər görüldüyünü diqqətə çatdıran dövlət başçısı indi istifadə edilən Zəfər yolunun nə vəziyyətdə olduğunu xatırlatdı. Bildirdi ki, o vaxt biz Füzulidən təqribən iki saat yarıma – üç saata gəldik “Şaxtalı, qarlı hava idi, yol da yox idi, bir cığır idi, üstü buz, palçıq. İndi isə artıq asfalt yol tikilib və bu, elə Zəfər yoludur. Ma­gistral yol da çəkilir. Füzuli şəhərindən tunellər daxil olmaqla, magistral yol tikilir, daha qısa yol olacaq. Şuşanın elektrik təsərrüfatı bərpa edil­di, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi… Düşmən Şuşanı tərk edərkən Şuşanın su xətlərini partlatmışdı. Şuşaya suyun verilməsini biz bərpa etdik. İndi iki mənbədən Şuşaya su gəlir. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Vaqifin məqbərəsi artıq bərpa edildi”.

Ermənilər tərəfindən dağıdılmış Vaqifin büstünün bərpa edilməsi, üç məsciddə təmir-bərpa işlərinin aparılmasından, Yuxarı Gövhər Ağa məscidinin təmirinin bitmək üzrə olmasın­dan, Natəvan bulağının bərpasından söz açan Prezident Saatlı və Gövhər Ağa məscidlərinin təmirini Heydər Əliyev Fondunun öz üzərinə götürdüyünü vurğuladı. Fəxrlə “dünən Şuşanın dirçəlişinin növbəti mərhələsi idi” – dedi. Bu bütün vətəndaşlarımız üçün böyük uğurdur, böyük nailiyyətdir. Şəhidlərimizin ruhu sevinir.

Arzu Bağırova görülən işlərin çox dəyərli və böyük olduğunu dedi:

– “Xarıbülbül”, “Qarabağ” otelləri əsaslı təmirdən sonra öz qapılarını artıq qonaqların üzünə açıb. M.P.Vaqifin məqbərəsi, büstü yenidən açılıb, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyulub, onun dağıdılmış evinin bərpası ilə bağlı göstəriş verilib, Polad Bülbü­loğlu atasının evini bərpa edib, Bülbülün ev muzeyinin açılışı qeyd edilib. Bunlardan ən önəmlisi isə yeni yaşayış kompleksinin təməl daşı qoyulub. Sadaladıqlarım onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar çox tezliklə ata- baba yurdlarına, doğma el-obalarına qayıdacaqlar.

Diqqət yetirdiyim bir məqamı xüsusi vurğulamaq istəyirəm. Milli adət – ənənələrə, mentalitetimizə sadiq olan Azərbaycan Pre­zidenti çıxışının sonunda hər kəsi kövrəltdi: “Əziz dostlar, təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı, qarlı havada Vaqifin məqbərəsinin açılışı idi.

Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq”.