BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin 22-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin birgə təşkilatçılığı ilə “İnsan yönümlü dizayn və birgə idarəetmə vasitəsilə dövlət xidmətlərinin göstərilməsinin transformasiyası” mövzusunda plenar sessiya təşkil olunub.
“Yeni Gundem”-in məlumatına görə, sessiyada 20-dən çox ölkədən və beynəlxalq təşkilatdan 60-a yaxın qonaq iştirak edib.
Plenar sessiyanı giriş sözü ilə açan BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin nümayəndəsi dövlət xidmətlərinin göstərilməsi sahəsinin mütəmadi təkmilləşdirilməli olduğunu, bu istiqamətdə “ASAN xidmət”in müstəsna rolunu vurğulayıb. BMT rəsmisi ölkəmizin “ASAN xidmət” modelinin dünya miqyasında ən qabaqcıl təcrübələrdən biri kimi digər ölkələrdə təbliği və tətbiqinin davam etdirilməsinin zəruri əhəmiyyətini bildirib.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri ilə bağlı auditoriyaya məlumat verib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşının dayandığını, “ASAN xidmət” mərkəzlərinin yaradılmasının bu istiqamətdə həyata keçirilən mühüm islahatlardan biri olduğunu vurğulayıb.
Sessiya zamanı Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin nümayəndəsi Dövlət Xidmətlərinin Elektron Reyestri, “ASAN xidmət indeksi”, “ASAN müraciət” informasiya sistemi və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi barədə geniş təqdimat edib.
Sessiya çərçivəsində Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin (CEPA) üzvləri, həmçinin Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumət Təşkilatının (UCLG Afrika) Baş katibi çıxış ediblər. CEPA-nın Seneqaldan olan üzvü, eyni zamanda Seneqalın sabiq Baş naziri Aminata Ture “ASAN xidmət” təcrübəsinin Afrika qitəsində tətbiqi dairəsinin genişləndirilməli olduğunu vurğulayıb. CEPA-nın Yamaykadan olan üzvü Devon Rov və Mərakeş Krallığından olan üzvü Najat Zarruk “ASAN xidmət” mərkəzlərində müxtəlif mənbələr vasitəsilə vətəndaşlardan alınan rəy sorğularının, eləcə də “ASAN xidmət” indeksi üzrə qiymətləndirmə sisteminin dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində əhəmiyyətini qeyd edib. Bundan əlavə CEPA-nın Almaniyadan olan üzvü Rolf Alter xidmətlərə bərabər çıxışın və əlçatanlığın təmin edilməsi baxımından Səyyar ASAN xidmətin unikallığından bəhs edib. Çıxışçılar “ASAN xidmət” konsepsiyasının dövlət xidmətləri sahəsində Azərbaycan Respublikası tərəfindən həyata keçirilən mühüm islahatlardan biri olduğunu və bu təcrübənin dünyaya nümunə göstərilə biləcəyini vurğulayıb. Bundan əlavə iştirakçılar tərəfindən “ASAN xidmət indeksi”nin dövlət xidmətlərinin göstərilməsi üzrə beynəlxalq qiymətləndirmə sistemində tətbiqinin vacibliyi qeyd olunub.
Plenar sessiya interaktiv formada həyata keçirilən sual-cavablarla yekunlaşıb.