Aslan İsmayılov: “Mürgüləyə-mürgüləyə bu günə düşdük, heç olmasa indi ayılaq”backend

“Bu gün müharibə tək ön cəbhədə getmir. Müharibəni bu gün hamımız həm də arxa cəbhədə hiss etməli və hər birimiz bacardığımızı etməliyik. Çox demirəm, Ordumuz ön cəbhədə etdiyinin yarısını arxa cəbhədə edək. Arxa cəbhədə isə görüləcək saysız-hesabsız işlər var”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov qeyd edib ki, birinci növbədə ön cəbhədə olan əsgər və zabitlərimizin ailələrinin yanında olmaq, onları ruhlandırmaq, dayaq olmaq, bütün ehtiyaclarını ödəmək bizim hər birimizin borcumuzdur: “İmkanı olan hər kəs Orduya maddi yardımını davam etməlidir. Bu, heç də Ordunun bu gün bizim maddi yardımımıza ehtiyacından gəlmir. Ancaq hesabda pul olanda Orduda xidmət edənlərə də diqqət yüksələcək. Ən əsası, həmişəki kimi ermənilərdən təbliğatda geridəyik. Tək ölkə daxilində yox, bu gün ən vacibi ölkə xaricində aparılan təbliğatdır. Baş verənləri bütün dünyaya çatdırmalıyıq. Bu gün hər birimiz özümüzü əsgər hiss etməliyik. Bircə faktı qeyd edim. Dünən Rus xalqına öz dillərində müraciətim oldu. Bu dəqiqələrə 120 min nəfərdən çox baxılıb və 1500-dən artıq şərh var. Bir azərbaycanlı səhifəsində paylaşılan videoya şərh yazanların əksəriyyəti ermənilərdir. Bunu necə başa düşüm, necə irad bildirməyim?! Bax, biz belə mürgüləyə-mürgüləyə bu günə düşdük, heç olmasa indi ayılaq və bilək ki, təbliğatdan çox şey, həm də bizim gələcəyimiz asılıdır.

Bu gün onlarla böyük səhifələr var. Hansınınsa bu müraciəti paylaşdığını görmədim. Bu gün mənim – sənin olmamalıdır. Bu, milli məsələdir”.