“Avrora” şirkəti “Doymak” makaronları ilə bağlı iddialara cavab verdibackend
Ən böyük un məmulatları istehsalçısı olan “Avrora” şirkətinin məhsulu olan “Doy Mak” makaronundan müxtəlif həşəratların çıxması ilə bağlı məlumat vermişdik.
“Avrora” şirkətinin məsul nümayəndəsi sözügedən şikayətə cavab olaraq “Yeni Gündəm”-ə bildirib ki, məhsullar tam steril şəkildə hazırlanır və təqdim etdikləri makarondan qurd çıxması ehtimalı yoxdur:

“Doymak makaronları və unları Avrora Qrup tərəfindən ölkəmizdə istehsal olunur. 20 ildir ki, xalq markası olan “Doymak” makaronları sərt buğda unundan hazırlanır. “Doymak” makaron fabriki İSO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi, İSO 9001:2015 Keyfiyyətin İdarəedilməsi Sistemi, İSO 14001:2015 “Ətraf mühiti idarəetmə sistemi” və İSO 45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyinin idarəedilməsi sistemi” əsasında fəaliyyət göstərir. Makaron üçün tələb olunan irmik xammalı ən müasir avadanlıqlarla təchiz olunmuş dəyirmanda üyüdülərək makaron istehsalına avtomatik yönəldilir. Makaron istehsalı ilk mərhələdən son mərhələyə – paketləmə də daxil olmaqla insan əli dəymədən tam steril və vakum şəraitində həyata keçirilir”.

Şirkət tərəfindən verilən məlumatda məhsuldan qurd çıxmasının onun açıq şəkildə saxlanılması ilə əlaqədar olduğu bildirilib:

“İstehsal olunmuş məhsul xüsusi saxlama anbarlarında saxlanılır və satışa verilir. Qeyd olunan məhsuldan qurd çıxması ehtimalı yoxdur. Lakin istifadə zamanı məhsulun ağzı uzun müddət açıq qalarsa qurd düşmə ehtimalı ola bilər. Qeyd edək ki, Doymak makaron fabriki 2019-cu ildə yenidən qurulmuş və dünyanın ən müasir avadanlıqlarından olan İsveçrənin “Buhler, İtaliyanın “Fava”, “Ricciarelli”, “Landucci” avadanlıqları ilə təchiz olunmuşdur”.
Qeyd edək ki, şikayətçi tərəf makaron bağlamasının açılmadığı halda içərisində müxtəlif həşəratların olduğunu bildirib.