Avstraliyada meşə yanğınları 4 gündür davam edir – Videobackend

Avstraliyanın Pert şəhərinin şimal-şərqindəki meşə yanğınları dördüncü gündür ki, davam edir.

“Yeni Gündəm” xarici mətbuata istinadən xəbər verir ki, Pert şəhərinin kənarında başlayan yanğın hazırda 100 kilometr perimetr olmaqla, 10 min hektar ərazini əhatə edir. Təxminən 300 yanğınsöndürən yanğınla mübarizə aparır və həmçinin yanğınsöndürən təyyarələrdən istifadə edilir.

Güclü küləklər yanğınların söndürülməsinə mane olur və bu da yanğın sahəsini artırır.

Sinoptiklər bölgədə güclü küləklərin davam edəcəyini və yanğınların söndürülməsini çətinləşdirəcəyini proqnozlaşdırırlar. Polis yanğının mümkün səbəbləri ilə əlaqədar istintaq başladıb. İlkin məlumatlara görə, yanğınların cinayət xarakterli olduğu hələ müəyyən edilməyib.

Xatırladaq ki, ötən ilin yanvar-fevral aylarında Avstraliyada hökm sürən irimiqyaslı meşə yanğınlarında bir milyarddan çox heyvan ölmüş, qitə boyu 8,4 milyon hektar meşə məhv olmuşdu.