Avtobus var , aparat yoxdur- ŞİKAYƏTbackend

Paytaxtın müəyyən qəsəbə və rayonlarında nəqliyyat sistemində olan problemlər hələ də öz həllini tapmır.

Bir çox marşrut xətlərində istifadəyə yararsız avtobuslar, həmin avtobuslara sürücülərin normadan artıq sərnişin götürməsi, avtobusun qapılarının açıq vəziyyətdə hərəkət etməsi, sürücülərin sükan arxasında siqaret çəkməsi, sərnişinlərlə kobud davranması və digər onlarla problem Bakı sərnişin nəqliyyatının bəzəyidir desək yanılmarıq.

Amma son dövrlər sadaladıqlarımız problemlərin bir çoxunun BNA tərəfindən həllini də qeyd etməsək böyük yanlışa yol vermiş olarıq.

BNA-nın balansında fəaliyyət göstərən “BAKU BUS” avtobusları paytaxt sərnişindaşınmasında müəyyən mənada irəliləyişə gətirib çıxarıb.

24 saylı marşrut xətti bir neçə ay bundan öncə Nərimanov, Koroğlu, Bakıxanov və Qaraçuxur qəsəbə sakinlərinin ixtiyarına verilib.

Təmiz, səliqəli, rahat olan “Baku-Bus” ların Bakıxanov və Qaraçuxur sakinləri üçün yeganə problemi kart yükləmək üçün aparatların olmamasıdır.

Qəsəbə sakinləri redaksiyamıza bildiriblər ki, bu barədə dəfələrlə şikayət etsək də, heç bir nəticə əldə olunmayıb.

Apardığımız müşahidələrdə Bakıxanov və Qaraçuxur qəsəbələrində bir dənə də olsun Bakı Kart aparatlarına rast gəlmədik.
Qaraçuxur qəsəbəsində, 24 saylı avtobusun son dayanacağında balaca bir dükanda vaxtilə kart balansını artıran sərnişinlər indi bundan da məhrum olublar. Bu barədə əməkdaşımıza o dükanda fəaliyyət göstərən ortayaşlı kişi deyib. O bildirib ki, səyyar aparatı bir neçə gün əvvəl ondan alıblar:

“Aparat bir az İrəlidə başqa bir dükandadır. İstəsəniz oradan kartınızın balansını artıra bilərsiniz”.

Bu barədə BNA-a rəsmisi Mais Ağayevlə əlaqə saxlayıb problemə münasibət bildirməsini istədik. O isə həftənin bazar günü olduğuna görə sualımıza bazar ertəsi cavab verəcəyini bildirsə də sualımızı cavabsız qoydu.

Yəqin ki, BNA tezliklə sakinlərin bu problemini həll edər. Çünki bunu etməyə məcburdur. Əgər avtobuslar kart sistemi ilə işləyirsə mütləq şəkildə ərazidə kart aparatları da olmalıdır.

Analoq.az