Həyatın hər üzü
Fevralın 02-də Azərbaycan xalqı “Gənclik Günü”nü qeyd edəcək. Gənclik həyatın ən gözəl və enerjili çağıdır. Məhz bu dövrdə insan cəmiyyətə inteqrasiya olunaraq, öz gələcək yolunu müəyyən edir. Gənclik barədə çox sözlər deyilib, çox yazılıb. Hətta belə bir məzəli deyim də var: “Gənclikdə səhv buraxmısansa, çalış o səhvi Nərimanovda buraxma”. Əlbəttə ki, bu zarafatda söhbət metro stansiyalarından gedir. Lakin hər bir zarafatda müəyyən qədər həqiqət olduğunu nəzərə alsaq, görərik ki, insanlar məhz gənclik çağında “yeraltı” dünyanın qurbanı olurlar. Heç təsadüfi deyil ki, qızlar elə bu yaşlarında aldadılırlar və həyatda ilk təəssüflərini keçirirlər. İnsan alverinin qurbanları da həmin nəslin nümayəndələri arasında olur. Cəmiyyətin inkişaf səviyyəsindən, adət-ənənələrə bağlılığından asılı olmayaraq bütün dünya ölkələrində, hətta aparıcı dövlətlərdə belə insan alveri, xüsusilə qadın və uşaq alveri həlli vacib olan problemlərdən sayılır. Məsələnin bizim cəmiyyətimiz üçün də aktual olduğunu nəzərə alaraq, bugünkü məqaləni “insan alverinin qurbanı olan qadınlar” mövzusuna həsr edirik. Çünki qadın gələcəyin anası, ailənin sütunu, millətin namusudur. Başqa sözlə desək, bir problem özündə gender, ailə və demoqrafiya məsələlərindəki fəsadları birləşdirir. Yəni cəmiyyətdə qadının hüquqları tapdandıqda, ailə dəyərləri zədələnir, bu isə son nəticədə millətin genofonduna mənfi təsir göstərir.
Gör-götür dünyası
Qəribədir ki, bir çox ölkələrdə əxlaqsızlıq yuvaları dövlət tərəfindən təşkil olunur. Onların iddialarına görə, bu, cəmiyyətdə sosial gərginliyin azalmasına xidmət edir. Fikrimcə, yanaşma tərzi kökündən yanlışdır. Əvvəla, ona görə ki, heç bir qız və ya gənc qadın xəyallarına rəğmən, öz xoşu ilə alqı-satqı obyektinə çevrilməz. Deməli, onların bu tip müəssisələrə düşməsində qaranlıq məqamları, qanunsuz əməlləri və ya mafiyanın izini görmək olar. İkincisi, cəmiyyətdə sosial gərginliyi yaradan amil ehtiras hissi deyil, maddi təminatdır. Bunu dərk etmək üçün kiçik bir misalı sizlərə təqdim edirəm. Təsəvvür edin ki, bir ölkədə maddi sıxıntı baş alıb gedir, lakin hər addımbaşı əxlaqsızlıq yuvaları var. Təbii ki, kasıb kişi öz dərdlərini yataqda unuda bilməz. Hətta bu fikri qəbul etsək belə, görəcəyik ki, əxlaqsızların yanına getmək üçün müəyyən məbləğdə pul ödəmək lazımdır. Axı həmin müəssisələr dövlət hesabına maliyyələşdirilmir. Digər tərəfdən, söhbət ailəli kişilərdən gedirsə, onların fiziki tələbatını ödəməyə ehtiyac yoxdur. Daha yaxşı olardı ki, həmin adamlar maddi cəhətdən təmin olunsunlar, yəni özlərinə iş tapıb, pul qazansınlar. Göründüyü kimi, əxlaqsızlıq yuvalarının təşkil olunması heç də cəmiyyətin maraqlarına xidmət etmir, əksinə, ailələrin dağılmasına, xəstəliklərin yayılmasına şərait yaradır. Bu isə son nəticədə millətin genofonduna mənfi təsir göstərir. Məsələyə başqa yöndən yanaşsaq, görərik ki, əxlaqsızlıq yuvalarının qurulması əsasən kriminal əməllərlə müşayiət olunur. Təkrar edirik, heç bir qız öz xoşu ilə satışa çıxarılmaq istəməz. Ən azı ona görə ki, müştərilərin arasında onun öz qohumları və tanışları da ola bilər. Deməli, bu cür müəssisələr ayrı-ayrı şəxslərə xidmət edir. Biz onları mafiya da adlandıra bilərik. Bəli, yanılmadınız, məhz kriminal fəaliyyət göstərən mafiya. Heç təsadüfi deyil ki, bu cür yuvaları tərk etməyə cəhd göstərən qadınlar sutinyorlar tərəfindən öldürülür və ya başqa bir formada cəzalandırılırlar. Onlar əvvəlcədən narkotikə alışdırılır, müdiriyyətdən asılı vəziyyətə düşürlər.
Bir millət, fərqli niyyət
Nə qədər ağır olsa da, deməliyik ki, qardaş Türkiyə respublikasında da belə yuvalar mövcuddur. Bu barədə 2000-ci ildə silsilə məqalələr dərc etmişdik. Hətta o dövrdə Türkiyə səfirliyinin narazılığına da səbəb olmuşduq. Lakin həqiqəti demək bizim peşəmiz olduğundan mövzuya yenidən qayıdırıq. İstanbulun “Kara köy” adlanan məkanında, Zürafə küçəsində, Surp Pirgiç adlı erməni kilsəsinin yaxınlığında zooparkı xatırladan üzdəniraq yarmarka təşkil olunub. Bu yarmarkada şüşəli mağazalar müştərilərin üzünə sutka boyu açıq olur. Uzun növbəyə dayanmış kişilər polislər tərəfindən yoxlanıldıqdan və şəxsiyyət vəsiqələrini təhvil verdikdən sonra xüsusi keçiddən yarmarkanın ərazisinə daxil olurlar. Sözsüz ki, içəri silahlar, kəsici alətlər və kameralar buraxılmır. Hər mağazanın qarşısında bir bığıburma kişi əyləşərək, müştəriləri içəri dəvət edir. Eyni zamanda şüşə mağazada olan çılpaq qadınlar da diqqəti cəlb etməyə çalışırlar. Onlar müxtəlif hərəkətlərlə kişiləri ehtirasa gətirməyə can atırlar. Bütün bunlar isə qanun keşikçilərinin gözü qarşısında və onların birbaşa himayədarlığı ilə baş verir. Kiçik bir faktı nəzərinizə çatdırmaq istərdik. Yarmarkaya girişdə polislərin xüsusi otağı vardır. Divarda Türkiyə Respublikasının bayrağı və ulu öndər Atatürkün şəkli asılmışdır. Zənnimcə, bu üzdəniraq ticarət müəssisələri onun parlaq ideyaları ilə daban dabana ziddir. Ulu öndər sağ olsaydı, bu işlərin qarşısını qətiyyətlə alardı. Digər bir faktı nəzərinizə çatdıraq. Dəqiq mənbələrdən o da məlumdur ki, bu müəssisələrin əsas səhmləri erməni millətindən olan Türkiyə vətəndaşına aiddir. Bu yaşlı qadın ən böyük vergi ödəyicisi kimi bir neçə dəfə dövlət tərəfindən xüsusi mükafata layiq görülmüşdür. Roza (familiyası müxtəlif mənbələrdə fərqli yazıldığı üçün qeyd etmirik) adlı qarı hal-hazırda Fransada yaşayır. Deyirlər, təsadüf zərurətdən yaranır. Bəlkə elə buna görədir ki, fahişəlik biznesinin təşkilatçılarına el arasında “Mama Roza” deyilir.
Hamamın içində, içində və çölündə
Məqaləni oxuyanlar elə düşünməsinlər ki, biz başqasını tənqid etməklə öz səhvlərimizi görmürük. Bəli, bu gün ölkəmizdə də bəzi üzdəniraq müəssisələr fəaliyyət göstərir. Onların bir qismi qanunsuz sayıldığı üçün qapadılıb. Lakin bəziləri yenə də öz işini davam etdirir. Əsasən masaj salonları və fin hamamları (saunalar) adı altında işləyən bu müəssisələr müştərilərin başqa ehtiyaclarını da ödəməklə məşğuldurlar. Qəribə də olsa, müştəri əvvəlcə masajçı qadınlar arasından bəyəndiyini seçir. Sonra ona müəyyən məbləğ ödəməklə, faktiki olaraq, həmin salonu pritona çevirmiş olur. Təbii ki, bu, nüfuzlu adamların himayəsi altında baş verə bilər. Əgər elə olmasaydı, bu gün ölkənin bir neçə hamamı və masaj salonu qapadılardı. İnsafən onu da qeyd etməliyəm ki, dediklərimi bütün istirahət müəssisələrinə aid etmək olmaz. Həqiqətən insanların sağlamlığının keşiyində dayanan idman-sağlamlıq kompleksləri az deyil. Lakin eybəcərliklərə şərait yaradanlar onların da adına kölgə salmış olurlar.
Diqqət: Alınır və satılır
Bu gün istənilən elan qəzetində hamam və masaj salonunun elanını görmək olar. Qeyd edək ki, həm kişilərə, həm də qadınlara müxtəlif xidmət növləri təklif olunur. Təbii ki, təkliflər əsasən sətiraltı sözlərlə nəzərə çatdırılır. Axı heç kim özünü açıq-aydın ifşa etmək və şübhə yaratmaq istəməz. Ona görə də elanların mətnləri xüsusi peşəkarlıqla tərtib olunur. Burada sözlər əsasən ikibaşlı məna daşıyır. Şəxsən mən bunda qəzetin redaksiya heyətini qınamıram. Çünki elanlar ödənişlə qəbul olunur. Deməli, hər hansı mətnə görə redaksiya məsuliyyət daşıya bilməz. Bununla belə, heç kim günahı öz boynundan atmamalıdır. Çünki həmin elanları oxuyan olmasaydı, dərc edən də olmazdı. Daha dəqiq desək, bu, cəmiyyətin sosial sifarişidir.
Məqaləni yazmamışdan mən faktları bir daha araşdırmaq qərarına gəldim. Təklif olunan elanın biri üzrə telefon nömrəsinə zəng vurub, bəzi faktlarla maraqlandım. Qəribə də olsa, mənə müsbət cavab verdilər. Üz tutdum həmin məkana. Gözlədiyim kimi, mənə seçim təklif olundu. Birinin üzərində dayandım. Nəticədə, bu məqalə araya-ərsəyə gəldi. Ayka (müəyyən səbəblərdən adı dəyişdirilmişdir) mənim kim olduğumu bilməsə də, pul ödədiyim üçün bütün suallarıma ətraflı cavab vermək məcburiyyətində qaldı. Məlum oldu ki, 18 yaşlı bu qız iki aydır həmin salonda çalışır, bundan əvvəl isə o, müstəqil fəaliyyət göstərirmiş. Bura gəlişinə səbəb özünü təhlükəsiz hiss etmək istəyi olubmuş. “Sənin nə işlə məşğul olduğunu evdəkilər bilirlərmi” sualıma o, qeyri-adi tərzdə cavab verdi:
– Evdəkilər elə bilirlər ki, mən alverlə məşğul oluram və hal-hazırda Türkiyədəyəm. Gecə saat 3-də buradan çıxırıq. Mən rəfiqələrimin birinin evində gecələyirəm. Günorta saat beşdə birlikdə işə gəlirik.
– Ayka, bəs sən əliboş qayıdanda ailənə nə deyirsən?
– Guya malların hamısını bir yerdən vermişəm. Onları maraqlandıran mənim pulumdur, onu da artıqlaması ilə gətirirəm.
– Bəs qorxmursan ki, qohumlarından biri sənin müştərin ola bilər?
– Yox, mənim bircə qardaşım var, o da hələ balacadır, məktəbdə oxuyur. Atam yoxdur, mənim beş yaşım olanda bizi atıb. Anamsa belə şeylərdən çox uzaqdır. O əmindir ki, mən heç vaxt pis yola düşmərəm.
Son söz əvəzi:
Həmsöhbətimin səmimiyyətinə tam inanmasam da, onun sonuncu cümləsi məni təsirləndirdi. Belə çıxır ki, hətta əxlaqsızlıqla məşğul olan qadın da tutduğu yolun pis olduğunu anlayır. Bu isə o deməkdir ki, ailə dəyərləri – kişiyə hörmət, qadına məhəbbət, övlada şəfqət hər bir cəmiyyətin həyat fəlsəfəsi olmalıdır. O cəmiyyətin ki, sütununu qadın, ana təşkil edir. Ailə ocağını yandıran, nəsli artıran, övlada tərbiyə verən məhz anadır. Odur ki, gələcəyin analarının qədrini bilin, axı cənnət onların ayaqları altındadır.
Natiq Qocaman