Aysel Əlizadə: “Bu qədər qalstuklunu neynirik, hamısını buraxıb özümüzü cəngəllik elan edək, bitsin…”backend

“Dövlətin günahı nədir? Sən dövlətsən, ölkəndə bir uşaq zorlandı, iki, üç…yüz, min…nə qədər gözləyəcəksən? Hərəkətə keçməlisən axı. Bölgələrdə biri evində asqıranda ətraf xəbər tutur. Bu boyda hadisədən məktəb, icra, bələdiyyə, polis xəbər tutmayıb? Ölkənin “uşaq komitəsi” (Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini nəzərdə tutur – red) var. Nə vaxt işini görəcəyik bu qurumun? Hanı sosial işçilər, hanı ailələrə nəzarət mexanizmi?”

“Yeni Gündəm” xəbər verir ki, yazıçı Aysel Əlizadə ögey atası tərəfindən zorlandığı iddia edilən 11 yaşlı qızın uşaq dünyaya gətirməsi məsələsinə münasibət bildirib.

A.Əlizadə bildirib ki, millətin “uşaq komitəsi”ndən xəbəri yoxdur: “”Ailə kiçik dövlətdir” cümləsi sağlıq deyil, hər ailə dövlətin kiçik parçasıdır, yəni, “Dövlət ona məsuldur” deməkdir. Biri manyakdır, qansızdır, xəstə və ya cahildirsə, bu o deməkdir ki, uşaqlar onunla baş-başa buraxılmalıdır? Bu, o deməkdir ki, onu yalnız cinayət törətdikdən sonra tutmalıyıq, vəssalam? Öyrədici işlər, qabaqlayıcı tədbirlər, operativ müdaxilə deyilən anlayış var. Uşaq hüquqları ilə məşğul olan QHT-lərin vəziyyətini müəyyən etmək, dəstək lazımdırsa, dəstək vermək, fəaliyyətsizlik varsa, ölçü götürmək gərəkdir. Parlament ölkədə uşaq hüquqlarının durumunu müzakirə etsin. Nəyi gözləyirik?!  Bu qədər qurum, idarə, təşkilat, struktur nəyə lazımdır? Kabinetlərə doluşan bu qədər qalstuklunu neynirik? Hamısını buraxıb özümüzü cəngəllik elan edək, bitsin”.