Aysel partlayış olan “Location” gecə klubundan şikayətçidirbackend

Aprelin 3-də Bakıdakı “Location” gecə klubunda baş vermiş partlayışda ağır xəsarət alan tanınmış bloqer Aysel Şükürova məkan sahiblərindən şikayətçidir.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə o, instaqram səhifəsində paylaşım edib.

Aysel xəstəxana xərclərinin qarşılanmadığını deyib: “Uzun müddətdir bu barədə açıqlama vermək istəyirdim. Bədənimin müxtəlif yerləri partlayışda yanıb, əsas da ayaqlarım. Uzun müddətdir ki, müalicə alıram. Amma klub rəhbəri Elşən mənə dəymiş ziyanı qaytarmır. Nə yanğında itən telefonlarımın pulunu, nə də xəstəxana xərclərimi verirlər. Təkcə mənim yox, nə qədər şikayətçi var onlardan… Heç kimin pulunu vermirlər. Yalandan mənə dedilər 15 gün möhlət verin, artıq 1 ay keçib. Lazımi yerlərə şikayət vermişəm. İnşallah, layiqi cəzalarını taparlar. Axırda mənə açıq şəkildə bəyan etdilər ki, get hara istəyirsən şikayət elə. Mənə dəymiş ziyanı qarşılamaq istəmirlər”.

Bloqer paylaşımına hadisə nəticəsində yanan nahiyəsinin videogörüntüsünü də əlavə edib.

Qeyd edək ki, partlayışda ağır xəsarət alanlardan daha biri, klubun əməkdaşı olmuş Fariz Məmmədzadə də bir müddət öncə klub rəhbərliyindən şikayət etmişdi. O qeyri-qanuni çalışdırıldığını, ona görə sığortası olmadığını və nəticədə müalicə xərclərinin qarşılanmadığını bildirmişdi.

Xatırladaq ki, “Location”da baş verən partlayış nəticəsində 4 nəfər həlak olub. Hadisəyə görə isə obyekti icarəyə götürmüş “Merser Food” MMC-nin administratoru Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov həbs edilib. Həbs edilən menecer Orxan Səfərov qardaşı Elşən Səfərovla birlikdə daha əvvəl Nərimanov rayonu ərazisində “The Place” adlı gecə klubunu işlətməyə başlayıblar. Onlar daha sonra Səbail rayonu T.Əliyarbəyov küçəsi 9 ünvanındakı 170 kvadrat metr ərazisi olan obyekti də icarəyə götürərək oranı “Location” gecə klubu adı ilə açıblar.