AZAD KƏLBƏCƏRbackend

44 günlük Vətən Müharibəsinin ilk günlərində Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdi. Əldə etdiyimiz böyük Qələbə nəticəsində isə Ermənistan üzərinə öhdəlik götürərək, Laçın və Ağdam kimi Kəlbəcəri də Azərbaycana qaytarmağa məcbur oldu. Hətta Azərbaycan humanistlik nümayiş etdirərək, Ermənistana əlavə 10 gün də vaxt verdi. Beləliklə, noyabrın 25-də Kəlbəcər boşaldıldı. Amma ermənilər bu müddətdə onlara məxsus olmayan evlərə, meşələrə od vuraraq vandal xislətlərini gizlədə bilmədilər. Kəlbəcərdən elə iyrənc formada çıxdılar ki, bütün dünya onların bu vəhşiliyindən danışdı.
Kəlbəcər 1993-cü ilin aprelində işğala olunmuşdu. BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsində də işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin Ermənistan digər qətnamələr kimi bunu da icra etmədi. Beynəlxalq təşkilatlar isə işğal faktına 30 il ərzində göz yumdular.
Vətən müharibəsində Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. 2021-ci ilin avqustunda Prezident İlham Əliyev Kəlbəcər şəhərində dövlət bayrağını ucaltdı.
Son 4 ildir, bütün azad olunmuş ərazilərimiz kimi, Kəlbəcərdə də kompleks bərpa-quruculuq işləri aparılır.
Öz doğma yurduna qayıdacaq soydaşlarımızın rifahı və təhlükəsiz yaşayışı üçün proqramlar icra olunmaqdadır.
Cənab Prezidentin də söylədiyi kimi, Kəlbəcər sakinləri öz doğma yurdunda əbədi yaşayacaq, Azərbaycan bayrağı Kəlbəcərdə əbədi dalğalanacaq.

Nigar Məmmədova,

Milli Məclisin deputatı