“Azad olunmuş sərhədyanı ərazilərdə quruculuqda maraqlıyıq” – İran səfiribackend
İqtisadiyyat nazirinin müavini Elnur Əliyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Bu barədə “Yeni Gündəm”ə İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, görüşdə Azərbaycan və İran arasında dostluq və qardaşlıq münasibətlərinin xalqlarımızın əsrlər boyu malik olduğu mədəni, tarixi və dini bağlara söykəndiyi qeyd edilib. Vurğulanıb ki, Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi, dostluq münasibətləri ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvədir.

Görüşdə İranın Azərbaycanın ərazi bütövlüyünün bərpasına ölkəmizin suverenliyinə hörmət çərçivəsində dəstək verdiyi, Azərbaycan-İran dövlət sərhədinin işğal altında olan hissəsinin azad edilməsinin xalqlarımız tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılandığı bildirilib.

Nazir müavini hazırda ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlığın inkişafını, Azərbaycanın əlverişli biznes mühitindən yararlanan İran şirkətlərinin sayının artdığını, qarşılıqlı investisiya əməkdaşlığını, birgə layihələrin icrasını diqqətə çatdırıb, işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesində dövlət-özəl tərəfdaşlığı çərçivəsində İran şirkətləri ilə nəqliyyat, energetika, sosial infrastruktur və s. sahələrdə əməkdaşlıq imkanlarını qeyd edib.

Səfir Azərbaycan və İran xalqlarının tarixi dostluğunu xatırladaraq ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiyini, əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi üçün potensialı vurğulayıb. Səfir Azərbaycan Respublikasının işğaldan azad olunmuş sərhədyanı ərazilərində quruculuq işlərinin həyata keçirilməsində ölkəsinin maraqlı olduğunu bildirib.

Görüşdə ikitərəfli iqtisadi-ticarət əlaqələri genişləndirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.