Azər Həsrət: DTX-nın qara maskalıları bir an belə itirmədən Azərişıqda əməliyyat keçirməlidirbackend

Avqustun 17-də, haradasa saat 12-də Dədəliyə çatdım. İşıqlar sönmüşdü. Dedim yanar birazdan. O birazdan, bu birazdan.

Düz ayın 18-i saat 12-yə kimi işıqsız qaldıq. Axırda məcbur olub Azərişığa zəng etdim. Bir neçə dəqiqə sonra işıq yandı. Demək ki, yandıra bilərlərmiş. Bəhanələri də budur ki, külək var. İllərdir eyni problem, illərdir saatlarla işıqsızlıq. Harada, bütün göstəriciləri ilə inkişaf etməkdə olan Azərbaycanda! Bu işıq axı niyə üz qarası olmalıdır? Nədir axı bu problem ki, illərdir həll edilə bilmir? Özü də təkcə Dədəlidə deyil ki. Bütün Xaçmaz rayonunda və hətta Xaçmaz, Xudat şəhərlərində belə saatlarla elektrik kəsintisi olur! Buradan korrupsiya, yeyinti qoxusu gəlir! DTX-nın qara maskalıları bir an belə itirmədən Azərişıqda əməliyyat keçirməlidir.

Bəli, məhz belə! Çünki xalq arasında söz gəzir ki, dəfələrlə bu ərazidə guya yenidənqurma aparılması haqqında sənədləşdirmə olub! Amma mən başqa yerləri demirəm, bizim bu Dədəli kəndində sonuncu şalbanın 1970-ci illərdə basdırıldığını görmüşəm! Yəni o illərdə basdırılan şalbanlardır hələ də ayaqda duran! Heç bir yeniləmə olmayıb burda! Transformator da məndən ömür istəyir! Tökülür! Azərişıq mayın 7-də bizim Dədəlidəki evimizi yandırandan sonra gəlib yalandan transformatoru rəngləyib getdilər. (Yeri gəlmişkən, ev də qarala-qarala qalıb burda.) Guya nəsə dəyişdi! Dəyişmədi! Və bu gün, dediyim kimi işıqlar yandı. Amma saat 13-dən üzü bəri (indi saat 18-dir) ən azı dörd dəfə işıq sönüb! Yəni 5 saat içində! İnterpress.az

Azər Həsrət