Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdirbackend

Donanma — mülki və hərbi məqsədlər üçün, çoxlu müxtəlif üzən (Dəniz donanması) və uçan (Hava donanması) obyektdən təşkil olunaraq, suda (dənizdə və ya çayda) yaxud havada istifadə olunmaq üçün nəzərdə tutulur.
Azərbaycan son illər ərzində nümayiş etdirdiyi yüksək inkişaf tempi ilə yerləşdiyi regionda lider dövlətə çevrilməklə yanaşı, dünya dövlətləri arasında söz, nüfuz sahibidir. Dinamik inkişafda olan ölkəmiz dünya miqyasında iqtisadi böhranların, ictimai-siyasi problemlərin mövcud olduğu şəraitdə inkişaf tempini qoruyub saxlayır. Bu inkişaf göstəriciləri ayrı-ayrı sahələrin paralel tərəqqisi fonunda müşahidə olunur. Belə ki, ökəmizdə bütün sahələrdə olduğu kimi mülki aviasiya sahəsindən də sürətli inkişaf yan ötməyib. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan hava nəqliyyatının əsaslı şəkildə yenidən qurulması prosesini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Ölkə başçısının son 11 il ərzində mülki aviasiya sahəsinə göstərdiyi daimi diqqət və qayğısının nəticəsi olaraq bir çox nailiyyətlərə imza atılıb.  Ulu Öndərin siyasi xəttini müasir dövrün tələbləri ilə uğurla uzlaşdıran Prezident İlham Əliyev də mülki aviasiyanın inkişafına, eləcə də çətin və gərəkli peşə sahibi olan aviasiya işçilərinə böyük diqqət və qayğı göstərir. Dövlətimizin başçısının 2006-cı ildə imzaladığı Sərəncama əsasən, Azərbaycanda ilk mülki aviasiya dəstəsinin yaradıldığı tarix əsas götürülərək, mülki aviasiya işçilərinin peşə bayramı günü təsis edilmişdir. Bu, Prezident İlham Əliyevin aviasiyamıza verdiyi önəmin daha bir təzahürüdür.
Əminliklə demək olar ki, Azərbaycanın mülki aviasiyası Ulu Öndər tərəfindən yaradılan möhkəm bünövrə üzərində qərar tutaraq, 2003-cü ildən özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Belə ki, 2004-cü ildə müasir standartlara uyğun Naxçıvan Beynəlxalq Hava Limanı, 2006-2011-ci illərdə bir-birinin ardınca Gəncə, Zaqatala, Lənkəran və Qəbələdə müasir aeroportlar istifadəyə verilmişdir. Sərnişin və yük daşımalarının günün tələbləri səviyyəsinə çatdırılması üçün təyyarə və helikopter parkı yenilənmişdir. Heydər Əliyev Beynəlxalq Aeroportunun bu il aprelin 23-də açılışı olan yeni aerovağzal kompleksi isə uçuşların təhlükəsizliyinə daha etibarlı təminat yaradan, beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki nailiyyətlərin tətbiqinə imkan vermişdir. Bununla da ölkənin əsas hava limanının strateji əhəmiyyəti daha da artmışdır. Milli aviadaşıyıcımız olan “Azərbaycan Hava Yolları – AZAL”nın təyyarə parkında bu gün yetərincə “Airbus A-320”, “Boeing-757-200”, “Airbus A-319”, “Airbus A-340-500”, “Boeing-767-300ER” və “Embraer” kimi ən müasir avialaynerlər vardır. AZAL tezliklə aviaparkına “Boeing-787 Dreamliner” tipli müasir təyyarə də əlavə edəcəkdir. Bununla da, yaxın gələcəkdə uzaq Amerika qitəsinə, Cənub-Şərqi Asiya və Avropanın bir sıra ölkələrinə yüksək komfortlu və təhlükəsiz aviareyslər həyata keçirilmək mümkün olacaqdır. Qeyd etmək yerinə düşər ki, bu gün təkcə Bakıdan deyil, eyni zamanda Gəncə, Lənkəran, Qəbələ və Naxçıvan hava limanlarından da müxtəlif istiqamətlərə beynəlxalq uçuşlar həyata keçirilir. “Azərbaycan Hava Yolları”nın təyyarələri hazırda dünyanın 32 şəhərinə uçur. Nəhəng aviaşirkətə çevrilmiş AZAL yeni avialaynerlərin sayına görə MDB məkanında liderlərdən biridir.
Beləliklə, aviasiya tariximizin keçmişinə, bu gününə və yaxın gələcəyinə qısa ekskurs göstərir ki, Azərbaycanın zəngin ənənələrə malik mülki aviasiyası hazırda öz inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır.

Pənahova Suma – Pedaqoq, Nəsimi rayon YAP üzvü,