Azərbaycan 2016-cı ildən Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdaşı statusuna malikdirbackend

Çin, Rusiya, Hindistan, İran, Pakistan, Qazaxıstan kimi dövlətlər təşkilatın üzvləridir. Şanxay Əməkdaşlıq Təşkilatının cari ilin sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilən Sammitində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Ölkə başçısı həm zirvə görüşündə çıxış edib, həm də orada iştirak edən bir sıra dövlətlərin, o cümlədən Rusiya, Çin, Türkiyə, Özbəkistan və digər ölkələrin dövlət və hökumət başçıları ilə görüşlər keçirib.

Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə Prezident İlham Əliyevin dəvət olunması ölkəmizin və dövlətimizin başçısının beynəlxalq miqyasda yüksək nüfuzunun göstəricisidir. Prezident İlham Əliyev çıxışında sammit iştirakçılarına ilk növbədə Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə məlumat vermişdir. Prezident İlham Əliyev Sammitdə dərin məzmunlu çıxış edərək mühüm geosiyasi və coğrafi məkanda yerləşən Azərbaycanın Avropa və Asiyanın iqtisadi, ticarət əlaqələrində rolunu vurğulayıb. Bu gün Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyi tranzit ölkədir və bu amil hər zaman beynəlxalq birlik tərəfindən dəyərləndirilir. Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib.

Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Bakı gəmiqayırma zavodu bütün növ gəmiləri istehsal edə bildiyindən qısa zamanda ticarət donanmasının sayı daha da artırıla bilər. Azərbaycanın logistika imkanları multimodal xarakterlidir. 19 min km-lik avtomobil yolu, 1400 km-lik dəmiryolları, Bakı-Tbilisi-Qars dəmiryolu və Xəzər limanlarından savayı Azərbaycan 7 hava limanı və 18 təyyarə ilə regionda ən böyük mülki hava donanmasına malikdir. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq.

Prezident İlham Əliyev çıxışında Zəngəzur dəhlizinin əhəmiyyətini də bu kontekstdə diqqətə çatdırıb. Qeyd olunub ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrinin nəqliyyat imkanları artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır.

Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində çıxış edərkən bildirib ki, Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib.  İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq. Daha sonra Prezident İlham Əliyev Sammit iştirakçılarının nəzərinə çatdırıb ki, bu il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törədib. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə alıblar. O, qeyd edib ki, Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Həmçinin, dövlət başçımız çıxışı zamanı münaqişənin həllinə məsul olan beynəlxalq qurumların səmərəsiz fəaliyyətinə də toxunub, bunun narahatlıq doğurduğunu bəyan edib. Bu kontekstdə Prezident İlham Əliyev 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsini xatırladıb. Bildirib ki, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, ölkəmizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Nəticədə, Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin edib.

Prezident İlham Əliyev Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının davamlı olaraq inkişaf etdiyini qeyd edərək, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin gerçəkləşməsinə önəmli töhfələr verdiyini bildirib. Qeyd edilməlidir ki, Şanxay Əməkdaşlıq Təşkilatına bütün üzv dövlətlərin, eləcə də müşahidəçi və tərəfdaş ölkələrin, o cümlədən Çin, Hindistan, Rusiya, İran, Pakistan, Qazaxıstan, Özbəkistan, Türkiyənin bu dəhlizlərin işləməsində əhəmiyyətli iqtisadi maraqları var. Azərbaycan  coğrafi baxımdan həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizləri üzərində yerləşdiyi üçün unikal mövqeyə malikdir. Prezidentin Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində diqqətə çatdırdığı kimi, Zəngəzur dəhlizi açıldıqdan sonra bu sahədə imkanlar daha da genişlənəcək.

İradə  Nəbiyeva

Nəsimi rayon 247N-li tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəlliməsi