Azərbaycan 30 illik həsrətdən sonra nəhayət işğala son qoydu və Ermənistanı həm hərbi arenada, həm də siyasi arenada məğlub etdibackend

Azərbaycan 30 illik həsrətdən sonra nəhayət işğala son qoydu və Ermənistanı həm hərbi arenada, həm də siyasi arenada məğlub etdi. Təəssüf ki, münaqişənin hərbi yolla həll edilməsi qaçılmaz idi. Çünki ermənilər torpaqlarımızı sülhlə vermək istəmir, danışıqları imitasiya məqsədilə aparır və sadəcə torpaqlarımızda möhkəmlənmək üçün vaxt qazanmağa çalışırdı.

Ermənistan tərəfi xüsusilə son 2 il ərzində təxribatçı addımları, bəyanatları və hərəkətləri ilə müharibədən başqa çıxış yolu olmadığını sübut etdi. Onu da qeyd edim ki, son illərdə beynəlxalq hüquq və prinsiplərin kobudcasına pozulması Qarabağ münaqişəsinin həllinin diplomatik yollarla olmasına inamı get-gedə azaltdı. Hər kəs müşahidə edirdi ki, bəzi ölkələr güc tətbiq edərək öz məqsədlərinə çatır, beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri sadəcə kağız üzərində qalaraq, heç bir məcbur edici funksiya daşımırdı. Belə olan halda Azərbaycan xalqı öz problemini özü həll etmək məcburiyyətində idi. Azərbaycan Ordusu cəbhədə, səngərdə qələbə qazanmalı idi ki, tarixi ədalət bərpa olunsun, BMT Təhlükəsizlik Şurasının qətnamələti yerinə yetirilsin və məcburi köçkünlər illərdir ki, həsrətini çəkdikləri öz yurd-yuvalarına qayıtsınlar. Və ordumuz bunu, cəmi 44 günə etdi. Nəticədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradıldı. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ əzəli, tarixi, əbədi Azərbaycan torpağıdır.
Göründüyü kimi ATƏT-in Minsk qrupu ötən 28 il ərzində münaqişənin həllində heç bir rol oynamadı. Əslində, vasitəçilik problemi həll etməyə yönəlmiş fəaliyyətdir. Beynəlxalq hüquqda problemin həlli üçün hamı tərəfindən qəbul olunmuş konkret normalar var. Bu, ilk növbədə hər bir ölkənin tanınmış sərhədləri çərçivəsində suverenliyinin bərpası məsələsidir. İkincisi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi faktının qeyd olunduğu digər başlıca sənədlər BMT TŞ-nin qəbul etdiyi 4 qətnamədir. Vasitəçilər isə “siz nəyə razılaşsanız, biz onu qəbul edəcəyik” fəlsəfi kimi neytral, yaxud laqeyd mövqe nümayiş etdirirdilər. Vasitəçilik missiyası və vəzifəsi özündə BMT TŞ-nin 4 qətnaməsinin tələblərinin yerinə yetirilməsini ehtiva etməli idi. Təəssüf ki, biz həmsədrlərin fəaliyyətində bunu görmədik. Hələ bu günədək biz bir dəfə də rast gəlmədik ki, Minsk qrupunun həmsədri olan ölkələr tələb etsinlər ki, bu problemin həlli yolu BMT TŞ-nin qəbul etdiyi qətnamələrdən keçir və heç olmasa Ermənistanı çağırırıq ki, bu qətnamələrin tələblərini yerinə yetirsin. Bu günə qədər hərbi təcavüzün ortada olmasına, torpaqlarımızın bir hissəsinin işğal olunmasına, 1 milyon insanın öz vətənində məcburi köçkün vəziyyətinə düşməsinə baxmayaraq, Minsk Qrupu təcavüzkarın adını indiyə kimi çəkməmişdir. Bununla yanaşı biz dəfələrlə şahidi olmuşuq ki, ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər edərkən Dağlıq Qarabağa Ermənistan ərazisindən keçməklə səfər edirdilər. Hər dəfəsində də bu məsələni həmsədrlər texniki məsələlərlə əlaqələndirir, bu addımın heç bir siyasi məna daşımadığını irəli sürürdülər. Ancaq, nəzərə alınmalıdır ki, istənilən addımlarda müəyyən siyasi yük hər zaman qorunub saxlanılır. Artıq belə qənaətə gəlmək olur ki, münaqişənin indiyə kimi həll olunmaması ATƏT-in Minsk Qrupunun üzərinə götürdüyü vəzifələrin öhdəsindən layiqincə gələ bilməməsinin aydın ifadəsi idi. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən qeyd etdiyi kimi Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir. Əgər həqiqətən də onlar problemin sülh yolu ilə həllinin tərəfdarı olsaydılar o zaman bitərəf mövqe sərgiləyərdilər. Zaman göstərdi ki, onların fəaliyyəti bəzi Avropa ölkələri, təşkilatları kimi ikili standartlara söykənib. Onların səriştəsiz fəaliyyəti nəticəsində torpaqlarımız illərdir ki, işğal altında qaldı. Artıq məlum olduğu kimi onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər. Bunun əksinə olaraq isə Azərbaycan dövləti hərbi-siyasi yolla öz torpaqlarını işğaldan azad etdi, Ermənistanı döyüş meydanında məğlub edərək, işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyasına nail olduq. Bəyanatı imzalamağa məcbur etdik.
Qarşıdakı müddətdə isə ATƏT-in Minsk Qrupu həmsədrlərinin hər üçü artıq yeni fəaliyyət proqramı təqdim etməli, konkret olaraq neytral mövqe nümayiş etdirərək xalqların sülhə hazırlanması, etnik barışığın təmin olunması kimi məsələlərə yeni canlanma gətirməlidirlər. Nəzərə alsaq ki, Minsk qrupu həmsədrlərinin bu səfəri onların öz təşəbbüsləri ilə olub və onlar Azərbaycana dəvət edilməyib, deməli artıq özləri mövcud vəziyyətlə barışmalı və yeni reallıqlar fonunda konkret təkliflərlə çıxış etməlidirlər.

Anar MƏMMƏDOV
Milli Məclisin deputatı