Azərbaycan beynəlxalq platformalarda etibarlı tərəfdaş kimi tanınır – Məlahət İbrahimqızıbackend

Azərbaycan bütün beynəlxalq platformlarda etibarlı tərəfdaş kimi tanınır. Müxtəlif kürsü və tədbirlərdə möhtərəm cənab Prezidentimizin səsləndirdiyi “Bizim sözümüz imzamız qədər etibarlıdır, keçərlidir” fikirləri ölkəmizə eləcə də dövlətimizin başçısına olan etibarı, etimadı və nüfuzu ildən-ilə daha da artırır. Ümumiyyətlə Ulu Öndərimizin vaxtından bugünədək dövlətimizin həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsidir ki, Azərbaycana beynəlxalq məkanda hər zaman əməkdaşlıq üçün önəmli tərəfdaş kimi baxılıbdır. Xüsusilə də dövlətimizin enerji və nəqliyyat-loqistika sahəsində geniş və uzaq məsafədə gerçəkləşdirdiyi layihələr bütün vektorlarda strateji əhəmiyyətli ölkəyə çeviribdir.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Möhtərəm Prezidentimiz rəhbərliyi ilə çox uzaq görənliklə həyata keçirdiyi layihələr buna sübutdur. Təkcə onu demək kifayətdir ki,  90-ci illərdə Bakı-Tiflis-Qars dəmir yolu layihəsi haqqında Azərbaycan tərəfindən ABŞ və bir sıra super dövlətlərdə və beynəlxalq təşkilatlarda irəli sürüləndə rəsmi Pekinin “Bir Kəmər, Bir Qovşaq” layihəsi haqda beynəlxalq məkanda ciddi məlumat yox idi.  Bu mənada heç qeyd şərtsiz deməliyik ki, ötən otuz il ərzində Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində fəal siyasət həyata keçirib və bugün də davam edir.  Məhz ölkəmizi Şanxay Əməkdaşlıq Təşkilatında diqqətçəkən və əhəmiyyətli edən səbəblər də bunlardır. Sözsüz ki, müasir çağırışlara cavab verən çox şaxəli enerji layihələrinin də böyük əhəmiyyəti var. Bütövlükdə bu bir reallıqdır ki, qeyd etdiyim məsələlər beynəlxalq münasibətlərin strateji əhəmiyyətinə dəlalət edir.

Milli Məclisin deputatı Prezident İlham Əliyevin Səmərqənd səfərini şərh edərək, Şanxay Əməkdaşlıq Təşkilatının sammitində çıxışındanda danışdı.

“Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli formatda ŞƏT təşkilatına  üzv ölkələrlə geniş və çox səmərəli münasibətləri mövcuddur. Məhz bu səbəbdən də Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkəmizin əlaqələri getdikcə daha da gücləndirir. Bugünlərdə daha doğrusu sentyabrın 15 və 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilən təşkilatın sammitinə Prezident İlham Əliyevin dəvət olunması da ölkəmizin və dövlətimizin başçısının beynəlxalq miqyasda yüksək nüfuzunun göstəricisidir. Mətbuatdan da izlədiyimiz kimi möhtərəm Prezidentimiz cənab İlham Əliyev sammit çərçivəsində həm də bir sıra ölkələrin dövlət başçıları ilə ikitərəfli və çox səmərəli görüşlər keçirilibdir.

Sözsüz ki, yaranmış bu imkanlarda keçirilən ikitərəfli görüşlərdə bir daha əlaqələrin inkişafı və regional məsələlər müzakirə olunub.Qürurla qeyd etməliyik ki, Sammitdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dərin məzmunlu çıxışının hər bir cümləsi  mühüm geosiyasi və coğrafi məkanda yerləşən Azərbaycanın Avropa və Asiyanın iqtisadi, ticarət əlaqələrində rolunu ifadə edirdi. Dünya əhalisinin yarıdan çoxunun və super dövlətlərin iştirak etdiyi bu Sammitdə möhtərəm Prezidentimizin çıxışı və bu çıxışda səsləndirilmiş mesajlar və vurğulanan strateji istiqamətlər sözsüz ki, ciddi diqqət və maraq doğurmaya bilməzdi. Həqiqətən də bu gün Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyi ən önəmli və ekonomik tranzit ölkələrdəndir və məhz bu amil hər zaman beynəlxalq birlik tərəfindən dəyərləndirilir.

Prezidentimiz cənab İlham Əliyevin çıxışınının ən mühüm hissəsi isə Zəngəzur dəhlizinin bugün və gələcək üçün fundamental əhəmiyyəti kontekstində olan fikirləri idi. Dövlətimizin başçısı çıxışında  təcavüzkar Ermənistanın dövlət sərhədində törətdiyi son hərbi təxribatları da xüsusi qeyd etdi. O, regionda sülhün təmin edilməsinin zəruriliyini vurğulayaraq, işğalçı dövlət olan Ermənistanın bu cinayət əməllərinin kürəsəl və bölgəsəl barış üçün də təhlükə olduğunu Sammit iştirakçılarının diqqətinə çatdırdı. Bildiyimiz kimi,  Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı kimi təmsil olunurdu.

Bununla bərabər, ölkəmiz təşkilata müşahidəçi statusunda üzv qəbul edilməsi üçün müraciət edib. Göründüyü kimi Səmərqənd sammiti keçirilən müxtəlif görüşlər Azərbaycanın bu təşkilatla əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcək. Bildiyimiz kimi Sammitin yekunu olaraq qəbul edilmiş Səmərqənd Bəyannaməsində də qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi məsələləri nəzərdə tutulur. Bəyannamədə əks olunmuş məsələlər Azərbaycanın beynəlxalq aləmdə yerinin və nüfuzunun bundan sonra güclənməsinə geniş perspektivlər yaradır.”