Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkibbackend

Noyabrın 1-i də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak edib.

Toplantıda Prezidentin toxunduğu önəmli məsələlərdən biri də İslam həmrəyliyi, İslam birliyi olmuşdur. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsi, IV İslam Həmrəyliyi oyunlarına ev sahibliyi etməsi bariz nümunədir. Azərbaycan daim İslam həmrəyliyi prinsipini rəhbər tutub və ərəb dövlətləri həm ikitərəfli, həm də İslam əməkdaşlığının inkişafında maraqlı olub.

Belə ki, Azərbaycan 2019-cu ildən Qoşulmama hərakatının sədridir və Azərbaycan üzv dövlətlər tərəfindən yekdil səs ilə sədr seçilmişdir. Bu da Azərbaycanın beynəlxalq arenada mühüm rol oynadığını göstərir. Qoşulmama hərakatına üzv olan Ərəb dövlət liqası ilə Azərbaycanın yaxşı münasibətlərinin olması nəzərə çatdırıldı. Ərəb liqasına daxil olan ölkələrin bir hissəsi iqtisadi cəhətdən yoxsul, digər bir hisəsi iqtisadi cəhətdən varlı ölkədir. Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir.

Cənab Prezident İlham Əliyev şəhidlərin xatirəsini yad etdi, eləcə də Mücahidlər Muzeyini ziyarət etdi. Fransanın Əlcəzair xalqına qarşı əsrlərlə törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya mediasına bir daha xatırlatdı. Müharibə 1.5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdi. Prezident gələcəkdə belə faciələrin baş verməsinin qarşısını almaq üçün əlimizdən gələni etməli olduğumuzu qeyd etmişdir. Azərbaycanla Əlcəzairi birləşdirən cəhət işğaldan əziyyət çəkməsi olmuşdur. Azərbaycanın bir hissəsi 30 il Ermənistan işğalı altında olmuşdur. İki il əvvəl Azərbaycan torpaqlarını azad edərək münaqişəyə son qoymuşdur. Erməni vandallarının işğal zamanı şəhər kənd binalar qəbirlərin hətta 67 məsciddən 65-nin dağıdılmasını sammitdə vurğulamışdı. İşğal zamanı on min kvadratkilometr ərazinin tamamilə məhv edilməsi qeyd edilmişdir. Çox təəssüf ki, azad olunan ərazilərdə çox sayda minalar basdırılmışdır. Fransanın  işğalı zamanı fransızlar da 5 milyondan çox mina basdırmışdır. Ermənistan işğal zamanı 1 milyondan çox minanı torpaqlarımıza basdırıb.

Azərbaycan Böyük Qayıdış adlanan proqramın icrasına başlayıb. Azərbaycan öz resursları hesabına torpaqlarını bərpa edir. Programa uyğun olaraq məcburi köçkünlərin doğma yurdlarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilmişdir. Azad olunan şəhər və kəndlərimizin bərpasına başlanılmışdır.

Ərəb Dövlətləri Liqasının üzvü olan 22 dövlətin rəhbərlərindən başqa yalnız Azərbaycan və Seneqal prezidentlərinin, eləcə də Birləşmiş Millətlər Təşkilatının (BMT) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katiblərinin fəxri qonaq qismində zirvə görüşünə dəvət olunması Prezident İlham Əliyevin beynəlxalq arenada, o cümlədən İslam dünyasında yüksək nüfuzunu bir daha sübut edir.

Milli Azadlıq Hərəkatı məhz noyabrın 1-də başladığı üçün Ərəb Dövlətləri Liqasının Sammiti 1 noyabr tarixinə salınıb. Bu il ölkədə dövlət müstəqilliyinin 60-cı ildönümü qeyd olunur.

Qeyd edək ki, fransızların Əlcəzairə münasibəti işğal etdikləri digər ərazilərdən fərqli olub. Belə ki, əgər başqa ərazilərin müstəmləkə olduğu qəbul edilirdisə, Əlcəzair Fransanın bir parçası, onun dənizarxası ərazisi sayılırdı.

Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında ikitərəfli münasibətlərə gəldikdə, xatırlatmaq yerinə düşər ki, bu ölkə 1991-ci il dekabrın 26-da respublikamızın müstəqilliyini tanıyıb. Azərbaycanla Əlcəzair arasında diplomatik əlaqələr isə 1994-cü il aprelin 22-də qurulub.

Diplomatik nümayəndəliklərin fəaliyyəti barədə onu deyə bilərik ki, Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında (Əlcəzair şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsinə dair Prezident İlham Əliyev 2014- cü il noyabrın 28-də Sərəncam imzalayıb və 2016-cı ildə bu ölkədə səfirliyimiz təsis olunub. Əlcəzairin isə Azərbaycanda diplomatik ofisi 2015-ci ildə fəaliyyətə başlayıb və 2019-cu ildə ölkəmizdə Əlcəzairin səfirliyi təsis edilib.

Beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyini vurğulasaq deyə bilərik ki, ölkələrimiz arasında əlaqələr yaxşı səviyyədədir. Əlcəzair Prezidenti Abdelkader Bensalah 2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycana səfər edib.

Hər iki ölkənin parlamentləri arasında da dostluq əlaqələri mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Mahir Abbaszadənin rəhbərliyi ilə Azərbaycan-Əlcəzair parlamentlərarası işçi qrupu, eyni zamanda, Əlcəzair parlamentində Əlcəzair-Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir.

Zərinə Hümbətova — Azərbaycan Dövlət Pedaqoji Universiteti