Azərbaycan DİM-dən irəli gələn işlərin reallaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir – Sevinc Hüseynovabackend

“2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan 17 dayanıqlı inkişaf məqsədi (DİM) və 169 hədəf heç kəsi kənarda qoymamaq prinsipini rəhbər tutur, yoxsulluğa son qoymaq, bərabərsizliyə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmağı əsas hədəf kimi irəli çəkir. DİM-lər tərəqqini təşviq etmək üçün tədbirlər görməyə çağırır. DİM-lərdə geniş spektrli sosial ehtiyaclar və bununla yanaşı, iqlim dəyişiklikləri ilə mübarizə və ətraf mühitin mühafizəsi məsələləri hədəf götürülür”.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, dünya birliyinin qəbul etdiyi həmin fundamental əhəmiyyətli sənəd cəmiyyətin yeni inkişaf mərhələsinin başlanğıcıdır: “Həmin gündəlikdə əks olunmuş qlobal məqsədlərə milli səviyyədə nail olunması ölkəmizdə daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, o cümlədən sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün adekvat siyasi iradə sayəsində mümkün olur. Ölkə başçısı “Bizim siyasətimiz uzunmüddətli siyasətdir. Biz ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünürük” fikirləri ilə dövlətin bu iradəsini nümayiş etdirməklə bərabər, milli inkişafın gündəliyimizin əsas prioritetlərini müəyyən etdi. Qarşıda qoyulmuş məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə etməklə DİM-ə əsaslanır və növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir. Azərbaycan DİM-dən irəli gələn işlərin reallaşdırılması istiqamətində məqsədyönlü və intensiv tədbirlər həyata keçirir. Ölkə başçısının 2016-cı ildə imzaladığı Fərman ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Ötən illər ərzində ölkəmizdə DİM-ə nail olunması istiqamətində görülmüş işlərin, o cümlədən 2021-ci ilin iyulunda Azərbaycan tərəfindən regionda ilk, dünyada on ölkədən biri olaraq DİM-lərin icrası istiqamətində atılmış addımların yekunu ilə bağlı BMT-nin Yüksək səviyyəli Siyasi Forumuna üçüncü Könüllü Milli Hesabat təqdim edilib. Habelə DİM-lərin həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq qurulub, xüsusilə də 2021-ci ilin martında BMT-nin Azərbaycan nümayəndəliyi ilə Azərbaycan Hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi də imzalanıb. Eyni zamanda, DİM-lərin həyata keçirilməsi üzrə beynəlxalq hesabatlarda Azərbaycanın mövqeyi diqqətə çatdırılıb. Bundan əlavə, ölkəmizin COVID-19 pandemiyası ilə mübarizəsinin DİM-lərin məqsəd və hədəflərinə təsirlərinin aradan qaldırılması istiqamətində də ciddi addımlar atılıb”.
Sevinc Hüseynova xatırladıb ki, həyata keçirilən tədbirlər nəticəsində ötən il 2020-ci ilə nisbətən ümumi daxili məhsul real ifadədə 5.6, qeyri-neft neft sektoru 7.2 faiz artıb. Ümumilikdə isə pandemiya səbəbindən səngimiş iqtisadi fəallıq 2021-ci ildə bərpa olunub: “Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə müəyyən edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq müxtəlif dövlət qurumlarının nümayəndələrinin təmsil olunduğu 10 alt işçi qrupun iştirakı ilə “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi hazırlanıb və onun DİM-lərin məqsəd və hədəflərinə inteqrasiyası təmin edilib. Eyni zamanda, 2022-ci il üzrə DİM-lərin maarifləndirilməsi istiqamətində 35 tədbirdən ibarət Fəaliyyət Planı hazırlanıb. Azərbaycanın “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn vəzifələrin icrası istiqamətində gördüyü səmərəli işlər beynəlxalq hesabatda öz dəyərini tapıb. Belə ki, DİM indeksi üzrə hesabatda Azərbaycan 2021-ci ilin nəticələri üzrə müqayisədə mövqeyində 5 pillə irəliləyib. Başqa sözlə, 73.5 bal ilə dünyada 50-ci yerdə qərarlaşıb. Ölkəmizin son illər ardıcıl şəkildə göstəriciləri artıb. Müqayisə üçün deyim ki, müvafiq göstəricilər 2000-ci ildə 62.73, 2010-cu ildə isə 68.02 bal təşkil edib. Artan dinamikanın nəticəsi olaraq Azərbaycan Şimali Makedoniya, Qazaxıstan və Monteneqro kimi ölkələri geridə qoyub. Ölkəmiz müvafiq yüksək göstəricisi ilə həm Ermənistanı (66-cı yer), həm Gürcüstanı (51-ci yer) üstələyib. Ən maraqlısı isə odur ki, müvafiq indeks üzrə hətta Türkiyə (71-ci yer) və Çin (56-cı yer) nəhəng iqtisadi güc və potensialı ilə Azərbaycandan geridə qalıb. Azərbaycan hökumətinin dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi üçün qarşıya qoyduğu və çox uğurla həyata keçirdiyi həmin mühüm prioritet məsələ, həmçinin azad edilmiş ərazilərdə də yüksək səviyyədə icra edilir. Həmin ərazilər işğal dövründə bütün növ vandalizmə məruz qalıb. Sürət və keyfiyyət amillərini bir araya gətirməklə sistemli və əhatəli yanaşma əsasında həyata keçirilən yenidənqurma işləri zamanı ətraf mühitin qorunması, su ehtiyatlarının səmərəli istifadəsi, “ağıllı şəhər”, innovativ şəhərsalma, yaşıl enerji, təhsilə və səhiyyə xidmətlərinə əlçatanlıq kimi məsələlər daim diqqət mərkəzində saxlanılır. Azərbaycan hökuməti həmin ərazilərdə aparılan bərpa işləri zamanı ən mütərəqqi konsepsiyalarla irəli çıxır. Burada yaşıl enerji, sıfır tullantı, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları icra edilir”.